Analitika

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər hazırda ən yüksək səviyyə mərhələsindədir

Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa edilən enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək  dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir. Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7542.2 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304.5 MVt-dır ki, bu da ümumi gücün 17.3%-ni təşkil edir.

Hidroenerji gücü 1154.8 MVt (30 ədəd stansiya, 20-i kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66.1 MVt (7 stansiya, 2-i hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 45.9 MVt (12 stansiya, 2-i hibrid) təşkil edir. 1 ədəd hibrid elektrik stansiyasında (Qobustan) külək – 2,7 MVt, günəş – 3 MVt və bioenerji – 0.7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 33 MVt olan 4 günəş elektrik stansiyası istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2021-ci ildə 194 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 2,5%-ni təşkil edib.

2021-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 27,8 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı İES-lərdə 26,2 milyard kVt·st, SES-lərdə 1277.3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 339.9 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 91,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 55,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 193.2 mln. kVt.st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 5.8 %-ni təşkil edib.

Prezident İlham Əliyevin bu il xarici ölkəyə ilk səfəri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) oldu. Dövlətimizin başçısının bu səfəri Əbu-Dabi Dayanıqlılıq Həftəsi adlı mötəbər tədbirdə iştirak etmək üçün baş tutdu. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər hazırda ən yüksək səviyyə mərhələsindədir və getdikcə inkişaf edir. Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirdi, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyev çıxışında bunları deyib:

“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq. Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik.

Dünən “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button