AnalitikaGündəmSiyasətSosial

Azərbaycanın zəfəri beynəlxalq hüquqa əsaslanan sülhün təməllərinə xidmət edir

Azərbaycan uzun illər idi ki, beynəlxalq hüququn bərpa edilməsi üçün mübarizə aparırdı. Bu istiqamətdə regiondakı sülh və sabitliyin tərəfdarı olan bütün ölkələri ilə əməkdaşlıq etmək bizim üçün vacib idi.  Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir.  Ermənistanla müharibə vəziyyəti region üçün böyük təhlükə olaraq qalırdı. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan iqtisadi,  hərbi baxımdan zəif idi.  Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi. Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmiş, nəticədə bir milyon qaçqın və məcburi köçkün yaranmışdı. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü. Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı. Beləcə biz 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa edərək torpaqlarını geri qaytardı. Bizim əsas hədəfimiz tarixi ədaləti bərpa etməklə yanaşı, regiona əbədi sülhü də gətirmək idi. Lakin sülh qarşılıqlı prosesdir. Bunun üçün hər iki tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.  Daha sonra prosesdə müəyyən boşluqlar yarandı. Bunun səbəbi vasitəçilərin artıq hansı addımı atmalı olduqlarını bilməməsi idi. Məhz Azərbaycan Ermənistanla sülh prossesinə başlamağı təklif etdi. Danışıqlar formatının təşəbbüskarı olaraq sülh sazişinin layihəsini təqdim etdik. Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə il davam etdi.   Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq.  Əsas hədəfimiz əbədi sühlü təmin etmək üçün heç bir problemin qalmamasıdır. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Uzun illər münaqişənin davamlı şəkil alması üçün xarici müdaxilələrin şahidi olmuşuq. Ümid edirik ki, prosesə heç bir müdaxilə olmayacaq.  Düşünürük ki, Ermənistan tərəfinin daxili siyasəti ilə əlaqədar hər hansı geri çəkilmə baş verərsə, bu sülh prosesinə təsir edə bilər. Ancaq nəzərə almalıyıq ki, regionda sülhün olması bizimlə əməkdaşlıq edən dövlətlərin maraqları ilə üst-üstə düşür. Vaşinqton razılaşması  bütün beynəlxalq ictimaiyyət  qarşısında  müsbət qarşılandı.  Razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir.Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır. Gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq.  Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Bu məsələnin daha öncəki mərhələsindəki reallıqları bir daha göz önünə gətirir. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Razılaşma şəxslər arasında deyil.

Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi.  Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistanla bu məsələnin müzakirəsi yorucu olsa da, Prezident Trampın iştirakı ilə baş verdi.  Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək proses başlayıb. Çünki artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir.  Düşünür ki, hər iki dövlət öz xalqı üçün sülhün vacibliyini dərk edir. Sülh şərtləri ədalətli beynəlxalq hüquq prinsiplərinə söykəndiyi müddətdə regiona yeni bir nəfəs gətirəcək. Regiondakı dövlətlərarası münasibətlər  qarşılıqlı əməkdaşlığa və dostluğa çevriləcək.

Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi,
Mənzər Ağabəyova

Oxşar Xəbərlər

Back to top button