AnalitikaGündəmSiyasət

Azərbaycanın yeni sənaye inkişaf mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı ildə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sektorunun inkişafında mühüm istiqamətlərdən birini ortaya qoydu. Dövlət Proqramı mineral resurslardan daha səmərəli istifadəni, yeni istehsal güclərinin yaradılmasını və yüksək əlavə dəyər formalaşdıran sənaye sahələrinin genişləndirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyev çıxışında dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biri kimi qiymətləndirib. Dövlət Proqramının əsas hədəflərindən biri 2030-cu ilədək sektorun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılmasıdır. Bu məqsədlər üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın nəzərdə tutulması sektorun qarşıdakı illərdə genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyacağını göstərir.

Proqram çərçivəsində Azərbaycanın zəngin mineral resurslarının iqtisadi dövriyyəyə daha geniş şəkildə cəlb olunması qarşıya mühüm vəzifə kimi qoyulur. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, filizlərin daha yüksək səviyyədə emalı və yeni istehsal güclərinin yaradılması nəzərdə tutulur. “Filizçay” yatağında mis, sink və qurğuşunun tamhəcmli emalı, “Söyüdlü”də qızılın flotasiya üsulu ilə emalı, “Daşkəsən” layihəsində isə illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması planlaşdırılır.

Digər mühüm istiqamət Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsidir. Yeni yataqların müəyyənləşdirilməsi və mineral resurs bazasının artırılması gələcək sənaye layihələrinin xammal təminatının möhkəmləndirilməsinə imkan yarada bilər. Eyni zamanda “Zəylik” alunit yatağının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılmasında istifadəsi və yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanlarının araşdırılması metallurgiya sənayesinin şaxələndirilməsi baxımından diqqət çəkir.

Dövlət Proqramının həyata keçirilməsi yeni istehsal sahələri ilə yanaşı, onların ətrafında xidmət, logistika, nəqliyyat və digər sənaye istiqamətlərinin inkişafına da təsir göstərə bilər. Beləliklə, dağ-mədən sənayesinin genişləndirilməsi təkcə mədənlərin istismarı ilə məhdudlaşmır, bütövlükdə sənaye ekosisteminin formalaşmasına şərait yaradır.

23 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Proqramının təsdiq edilməsi isə qarşıya qoyulan hədəflərin artıq konkret dövlət sənədi çərçivəsində icrasına başlanması deməkdir. Sərəncama əsasən, proqramın tədbirlərinin əlaqələndirilməsi və icrasına nəzarət Nazirlər Kabinetinə həvalə olunub, monitorinq və qiymətləndirmənin isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulub.

Nəticə etibarilə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye potensialının genişləndirilməsi, mineral resurslardan səmərəli istifadənin təmin edilməsi, yeni istehsal zəncirlərinin yaradılması və qeyri-neft sektorunun ixrac imkanlarının artırılması istiqamətində mühüm yol xəritəsi kimi çıxış edir. Qarşıdakı dövrdə əsas məsələ müəyyən edilmiş layihələrin ardıcıl və səmərəli icrası, investisiyaların cəlb olunması və yaradılacaq istehsal güclərinin iqtisadi səmərəsinin təmin edilməsidir.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button