
Azərbaycanın yeni rəqəmsal arxitekturası innovativ texnologiyaların tətbiqi, güclü enerji və infrastruktur potensialı, eləcə də ixtisaslı kadr hazırlığı əsasında dövlət idarəçiliyinin və iqtisadiyyatın müasir tələblərə uyğun inkişafını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkədə innovativ texnologiyalara əsaslanan, dövlət idarəçiliyinin və iqtisadiyyatın rəqəmsal transformasiyasını təmin edən yeni rəqəmsal arxitektura formalaşdırılır.
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət başçısı Azərbaycanın hər bir sahədə qazandığı uğurların təqdimatı ilə yanaşı, müasir dünyada süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı dərin islahatların artıq zərurətə çevrildiyini vurğuladı.
Müasir dövrdə rəqəmsal texnologiyalar dövlətlərin sosial-iqtisadi inkişafının əsas amillərindən biri hesab olunur. Qlobal miqyasda rəqəmsallaşma iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və xidmətlərin keyfiyyətinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan da bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək rəqəmsal transformasiyanı dövlət inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Yeni rəqəmsal arxitekturanın formalaşdırılması ölkənin texnoloji inkişafını sürətləndirməklə yanaşı, onun beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Süni intellekt müasir texnoloji inkişafın ən mühüm istiqamətlərindən biridir. Bu texnologiya insan intellektinə xas olan öyrənmə, analiz etmə və qərarvermə funksiyalarını avtomatlaşdırmağa imkan verir. Süni intellekt sistemləri böyük həcmli məlumatları qısa müddətdə emal edərək daha dəqiq nəticələr əldə etməyə şərait yaradır.İqtisadiyyatın müxtəlif sahələrində süni intellektin tətbiqi məhsuldarlığın artırılmasına səbəb olur. Sənaye sektorunda avtomatlaşdırılmış istehsal xətləri istehsal xərclərini azaldır və məhsulun keyfiyyətini yüksəldir. Kənd təsərrüfatında ağıllı texnologiyalar torpaq və iqlim göstəricilərinin təhlili əsasında məhsuldarlığın artırılmasına kömək edir. Səhiyyə sahəsində süni intellekt erkən diaqnostika və xəstəliklərin proqnozlaşdırılması imkanlarını genişləndirir.
Nəqliyyat sistemində isə süni intellekt marşrutların optimallaşdırılması, tıxacların azaldılması və təhlükəsizliyin artırılması üçün istifadə olunur. Enerji sektorunda bu texnologiyalar enerji istehlakının proqnozlaşdırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan yaradır. Bütün bunlar süni intellektin yalnız texnoloji yenilik deyil, həm də iqtisadi inkişafın mühüm vasitəsi olduğunu göstərir.
Rəqəmsal transformasiyanın əsas dayaqlarından biri müasir data mərkəzlərinin yaradılmasıdır. Rəqəmsallaşmanın genişlənməsi məlumatların həcminin sürətlə artmasına səbəb olmuşdur. Bu məlumatların təhlükəsiz saxlanılması, emalı və idarə olunması üçün güclü texniki infrastruktur tələb olunur.Data mərkəzləri dövlət qurumlarının, biznes strukturlarının və müxtəlif təşkilatların informasiya sistemlərinin fasiləsiz fəaliyyətini təmin edir. Bu mərkəzlər məlumatların itirilməsi riskini azaldır, onların qorunmasını təmin edir və informasiya sistemlərinin dayanıqlığını artırır.Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilmişdir. Kibertəhlükələrin artması məlumatların qorunması məsələsini daha da актуallaşdırmışdır. Bu baxımdan güclü data infrastrukturu dövlətlərin rəqəmsal suverenliyinin təmin olunmasında mühüm rol oynayır.
Rəqəmsal texnologiyaların tətbiqi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olmuşdur. Elektron xidmətlərin genişləndirilməsi vətəndaşlara dövlət xidmətlərinə daha asan və sürətli çıxış imkanı yaradır. Elektron sənəd dövriyyəsi və avtomatlaşdırılmış sistemlər idarəetmə proseslərinin operativliyini artırır.Rəqəmsallaşma bürokratik prosedurların azalmasına və insan amilindən asılılığın minimuma endirilməsinə şərait yaradır. Bu isə şəffaflığın artmasına və korrupsiya risklərinin azalmasına müsbət təsir göstərir. Eyni zamanda məlumatların analitik təhlili dövlət orqanlarına daha əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir.Rəqəmsal idarəetmə modeli həm də dövlət və vətəndaş arasında qarşılıqlı əlaqələrin güclənməsinə və ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Qlobal iqtisadi tendensiyalar göstərir ki, rəqəmsal texnologiyalara investisiya edən ölkələr daha yüksək iqtisadi artım tempinə nail olurlar. Rəqəmsal iqtisadiyyat yeni biznes modellərinin yaranmasına, innovativ sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına səbəb olur.Elektron ticarətin genişlənməsi, rəqəmsal ödəniş sistemlərinin inkişafı və onlayn xidmətlərin artması iqtisadi fəaliyyətin miqyasını genişləndirir. Süni intellekt və böyük məlumatların analizi biznes proseslərinin optimallaşdırılmasına və risklərin azaldılmasına kömək edir.Əksinə, rəqəmsal transformasiyada geri qalan ölkələr qlobal bazarda rəqabət qabiliyyətini itirmək riski ilə üzləşirlər. Bu baxımdan texnoloji inkişaf artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilmişdir.
Rəqəmsal transformasiyanın uğuru insan kapitalının inkişaf səviyyəsindən birbaşa asılıdır. Müasir əmək bazarında proqramlaşdırma, məlumat analizi, kibertəhlükəsizlik və süni intellekt sahəsində bilik və bacarıqlara malik mütəxəssislərə tələbat sürətlə artır.Təhsil sistemində rəqəmsal bacarıqların inkişafına xüsusi diqqət yetirilməsi gələcək iqtisadi inkişafın əsas şərtlərindən biridir. Gənclərin innovasiya fəaliyyətinə cəlb olunması və startap mühitinin inkişafı texnoloji tərəqqini sürətləndirən mühüm amillərdəndir.
Beləliklə, süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma sahəsində aparılan islahatlar müasir dövrdə dövlətlərin inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Bu amillər iqtisadi artımın sürətləndirilməsinə, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına və ölkələrin qlobal rəqabət mühitində mövqeyinin möhkəmlənməsinə şərait yaradır.Rəqəmsal transformasiya artıq alternativ deyil, dayanıqlı inkişafın əsas şərtidir. Texnologiyaya əsaslanan inkişaf modeli gələcəkdə dövlətlərin iqtisadi və sosial tərəqqisini müəyyən edən əsas faktor kimi çıxış edəcəkdir.
Könül Babayeva,
Bakı Slavyan Universitetinin tələbəsi



