
BRICS təşkilatı 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin ölkələri tərəfindən hökumətlərarası danışıq forumu kimi yaradılan təşkilatdır. 2011-ci ildə Cənubi Afrika Respublikasının da üzv olduğu təşkilatın hazırda 9 üzvü var. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Təşkilat qlobal idarəetmənin təkmilləşdirilməsinə və beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir.
Təşkilat 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. 2024-cü ilin 22-24 oktyabr tarixlərində keçirilən XVI BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin baş katibi qatılıblar. Azərbaycan da sammitə qatılan ölkələr arasında idi. Prezident İlham Əliyev cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etmişdir. Çıxışında Ölkə başçısı bildirmişdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dünyanın 120 dövlətinin təmsil olunduğu Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunan Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması ölkəmizin böyük nüfuzunu daha da artırdı. 2020-2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrlik dövründə bunu əyani şəkildə görə bilirik. Dörd illik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Azərbaycan coğrafi mövqeyindən və müasir infrastrukturundan istifadə edərək Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu region “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsidir. Bu dəhlizlərin bütün seqmentləri ölkə ərazisindən keçir və hazırda uğurla fəaliyyət göstərir. Son dövrlərdə yük axınının artması Azərbaycanın bu strateji yolların ötürücülük imkanlarını genişləndirmək üçün əlavə investisiyalar ayırmasını zəruri edir. Bu, yalnız ölkənin iqtisadiyyatını gücləndirmək deyil, həm də regiondakı logistika mühitinin inkişafına müsbət təsir göstərir.
Bundan əlavə, növbəti ay Bakı beynəlxalq iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək. Təqribən 200 ölkənin bu tədbirin Azərbaycanda keçirilməsini dəstəkləməsi, Azərbaycanın beynəlxalq müstəvidəki siyasətinə olan hörmətin bariz nümunəsidir. Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında iqlim əməkdaşlığına mühüm töhfələr verməkdədir. Bu konfrans iqlim dəyişikliyi, qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi və qarşılıqlı hörmət prinsipləri ilə bağlı məsələlərin müzakirəsi üçün əhəmiyyətli bir platforma olacaq.
Eyni zamanda, XVI BRICS Sammitində Azərbaycanın Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh gündəliyinin irəlilədilməsi məqsədilə bir görüş baş tutub. Bu görüşdə tərəflər sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər. Xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin tezliklə yekunlaşdırılması və imzalanması üçün danışıqları davam etdirmək tapşırılıb.
Nəticə olaraq, Azərbaycan nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq iqlim tədbirlərinə ev sahibliyi etməsi və regional sülh proseslərinə aktiv dəstək verməsi ilə həm regionda, həm də dünyada mühüm rol oynayan ölkə olaraq ortaya çıxır. Bu inkişaflar Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunu daha da gücləndirir və regional əməkdaşlığının artmasına səbəb olur.
Abbasova Günəş,
Xəzər rayonu, 256 nömrəli tam orta məktəbin müəllimi