Azərbaycanın uğurlu enerji strategiyası – Cənub Qaz Dəhlizi
3 Fevral 2023-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının doqquzuncu iclasının açılışında iştirak etmişdir. Elə həmin gün həm də ötən ilin dekabrında Azərbaycanla enerji sahəsində çox vacib bir müqavilə bağlayan Rumıniyanın da Prezidenti ölkəmizə rəsmi səfərə gəlmişdir. Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum Azərbaycanın uğurlu əməkdaşlığının zəmanətidir.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir: “Cənub Qaz Dəhlizinin səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. O toplantı bir il öncə burada keçirilmişdir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi bu həqiqətən Milli Təhlükəsizlik məsələsidir “.
Biz bilirik ki, Cənub Qaz Dəhlizi TANAP və TAP kimi iki böyük layihənin vəhdətidir.Trans-Anadolu Boru Kəməri (TANAP) Azərbaycan qazını Gücristan vasitəsi ilə Türkiyə-Yunanıstan sərhəddinə kimi çatdırır. Bu kəmərin uzunluğu 1850 km, ilkin ötürmə gücü il ərzində 16,2 mlrd m3- dir. 2018-ci ilin iyun ayının 30-da kəmər istismara verilib və 2019-cu ilin noyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışı olub. Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhəddindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyayaya çatdırır. Bu kəmərin uzunluğu 878 km, ilkin ötürmə gücü il ərzində 10 mlrd m3-dir. 31 dekabr 2020-ci ildə Azərbaycan qazı tam şəkildə Avropa bazarlarına çatdırıldı. Hər iki layihənin ümumi dəyəri 12 mlrd dollar təşkil edir. Bəzi dövlətlər layihənin reallaşmasının qarşını almaq üçün ciddi təziqlər göstərsələr də, bu təzyiqlər nəticəsiz qaldı. Azərbaycan qazının Avropa və Türkiyə bazarlarına çıxarılması təbii qaz məsələsində Rusiyanın bu bazarlarda hegemonluğunu yavaş-yavaş zəiflədir. Beləliklə də Avropanın enerji təhlükəsizliyi təmin olunmaqla bərabər Rusiya qazından asılılıq getdikcə azalır. Təbii ki, bu Rusiyanın enerji siyasətinə böyük maneələr yaradır. Bu da öz növbəsində Rusiyanın Avropa dövlətlərinə təsir imkanlarını məhdudlaşdırır. Ona görə də Rusiya üçün bu layihənin gerçəkləşməsi o qədər də arzu olunan deyildi.Azərbaycanın TANAP və TAP kimi regional siyasətə təsir etmək imkanına malik layihənin həyata keçirilməsi İranı da yaman narahat etmişdi. Təbii ki, ABŞ-ın tətbiq etdiyi sanksiyaların nəticəsi olaraq, İran Avropaya qaz satmaq imkanına malik deyil.O yalnız Türkiyəyə qaz satırdı. Qardaş Türkiyənin qazı daha ucuz almaq şansını dəyərləndirməsi və istədiyi qədər ala bilməsi İranın da maraqlarına uyğun gəlmirdi.
24 Fevral 2022- ci ildə gecə saat 4 -də başlayan Rusiya-Ukrayna müharibəsi, bir çox ölkələrin Ukraynanı dəstəkləməsi artıq Avropada enerji baxımından Rusiyadan asılı ölkələrdə problemlər yaradır. Ona görə də qitə üçün Rusiyadan enerji asılılığını aradan qaldırmaq prioritet məsələdir. Rusiyadan fərqli olaraq Azərbaycan Avropaya qarşı enerji diplomatiyası vasitəsilə təzyiq etmir, əvəzində səmimi tərəfdaşlıq etmək və ikitərəfli ticarət əlaqələrini genişləndirmək niyyətindədir.
Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır. Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.
“Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “Yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.Bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min km2 ərazini “Yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyəə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və onların uğurla nəticələnəcəyinə şübhə yoxdur. Bu bölgəyə digər böyük şirkətlər maraq göstərirlər. Xızı-Abşeron və Qaradağ ərazilərində isə ilk nəhəng layihələrin həyata keçirilməsinə artıq start verilib. Onlardan biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasıdır. Stansiyanın təməlqoyma mərasimi keçən il martın 15-də Gülüstan sarayında keçirilib. Elə buradaca xatırladaq ki, cəmi iki ay əvvəl həmin sarayda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin tikdiyi “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməli qoyulub. Bu tədbirlərin hər ikisi adi hadisələr deyil, Azərbaycan energetikasının davamlı inkişafını səciyyələndirən önəmli faktlardır.Prezident İlham Əliyev Qaradağ Günəş-Elektrik Stansiyasının təməlqoymasında məhz bunu vurğulayaraq deyib: ”Bildirməliyəm ki, bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək-elektrik stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş-elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq, başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük”. Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bunun digər əsaslı səbəbləri də var. Dövlət başçısının dediyi kimi: “Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”. Həm də qeyd edək ki, bizdə elektrik enerjisi yalnız ekoloji cəhətdən təmiz mənbələrdən – təbii qaz, su, günəş və küləkdən istehsal edilir.
Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir; Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər. Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər. SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir.Aparıcı maliyyə qurumları da bu layihəyə maraq göstərir. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Biz bu işi komanda şəklində icra edərsək daha böyük uğur qazanacağıq və heyətimizin üzvlərinin sayı artacaq.
Nəcəfova Şəlalə,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi