Analitika

Azərbaycanın sülh və sabitlik carçısı olduğu artıq bütün dünyaya məlumdur

Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu ilk gündən bu günə kimi etdiyi sülh çağırışları, demokratiya və təhlükəsizliyin təmin olunması sahəsindəki təşəbbüsləri və bunun əməli fəaliyyətdə öz əksini tapması dünyanın bir çox rəhbərləri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Torpaqlarımızın 30 il işğal altında qalmasına, şəhər və kəndlərimizin viran qoyulmasına, erməni təcavüzkarları üzərində tarixi qələbə qazanılmasına baxmayaraq dövlətimizin rəhbəri hər an sülh yolunu tutdu və bu gün də sülhsevər məqsədlərini aydın ifadə edir. Müharibə başa çatsa da, Azərbaycan hələ uzun onilliklər erməni vandalizminin ağır nəticələrini üzərində hiss edəcək. Beynəlxalq hüquq, beynəlxalq məhkəmələr bütün bunlara qiymət verməlidir. Prezident Azərbaycanın ədalətin, sülhün və məhz ədalətli sülhün tərəfdarı olduğunu bir daha bəyan etdi. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. İndi Azərbaycan Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin tam icrasını gözləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 22-də Şuşada “Euronews” televiziyasına verdiyi müsahibədə də müzakirənin əsas mövzusu elə bu idi.  Bir çox yeni məsələlərlə yanaşı, verilən hərtərəfli suallara Cənab Prezidentin cavabları dünya nizamı, beynəlxalq hüquq, regional əməkdaşlıq, davamlı sülh və s. baxımından özəlliklə diqqətçəkicidir. İlham Əliyev Müzəffər Ali Baş Komandandır və müsahibə Zəfərin rəmzi olan əziz Şuşada verilib; bununla belə, qalib ölkənin Prezidenti məhz sülh, quruculuq, birgəyaşayış vurğusu ilə əsl qaliblərin yüksək ləyaqətini bir daha nümayiş etdirmiş oldu. Biz saxta “qalib”lərin uzun işğal illəri boyunca sərgilədiyi bədnam ədanı çox görmüşdük. Zatən işğalçı ləyaqətli ola bilməz. Qurtarıcı, qurucu, öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş liderin qüruru ədalətlə bir arada təcalla edir. Azərbaycan Prezidentinin müsahibəsi işğalçı Ermənistanın şəri, bizim Zəfər qazanmış ölkəmizin xeyri, ədaləti təcəssüm etdirdiyini faktoloji olaraq nümayiş etdirir. Özünüz təsəvvür edin: 30 illik işğalın acı nəticələri, soyqırım aktları üzərindən sülh quruculuğu təklifi ilə çıxış etmək özü ərdəmliliyi, gələcəyə baxışı ifadə edir. Beynəlxalq aləm bu qüdsiyyətin, ləyaqətin və ərdəmin fərqində olmalıdır. Dünya erməniliyinin, erməniyanlıların ədalətsiz çağırışları, revanşizm, ikilistandartlar, işğalçı ilə işğala məruz qalanı eyni tutmaq ədalətə, multikulturalizmə, birgəyaşayışa, dünya nizamına əsla xidmət edə bilməz! Həmişə mövqeyimiz bəlli, istəklərimiz aydındır. Çünki Azərbaycanın dövlət başçısının sözü ilə əməli birdir, dediyini edəndir!

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button