Azərbaycanın Qoşulmama Hərəkatı sədrliyi yüksək beynəlxalq etimadın rəmzidir
“Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 60 il öncə formalaşmış və hazırda dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan 10 il öncə tam hüquqlu üzv kimi qəbul olunub. Beş il sonra isə hərəkata üzv ölkələrin yekdil qərarı ilə Venesuelada keçirilmiş Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana həvalə edilib. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatı sədrliyi yüksək beynəlxalq etimadın rəmzidir: “Məlumdur ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyi daha bir il uzadıldı. Ötən müddət ərzində Azərbaycan prinsipial mövqe nümayiş etdirdi və Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Həmçinin, Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda isə Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır”.
“Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Bu da onu sübut edir ki, ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti olub” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib və ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırıb.