Azərbaycanın ordusu dünyanın ən güclü orduları sırasındadır
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun son illər ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və tapşırığına əsasən kompleks şəkildə aparılan islahatlar Silahlı Qüvvələrdə bütün istiqamətləri əhatə etmişdir. Bunun nəticəsidir ki, Ordumuz aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməyə nail olmaqla güclü ordularla bir cərgədə dayanmağa layiq olduğunu sübut etmişdir. Ali Baş Komandanın atdığı uğurlu addımlar sayəsində Azərbaycanın iqtisadi qüdrətlənməsi ölkəmizdə bütün sahələrdə inkişafa təkan verdiyi kimi, hərbi büdcəmizin də sürətlə yüksəlməsinə, qısa zaman kəsiyində hərbi büdcəmizin 20 dəfədən çox artmaqla üç milyardı ötməsinə səbəb olmuşdur.
Son bir neçə il ərzində Ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası ilə təminatı gündən günə ordumuzun qüdrətinin artmasına əyani sübutdur.
Azərbaycan ordusunda aparılan islahatlar, döyüş qabiliyyətinin yüksəlməsi üçün qəbul edilən qərarların nə dərəcədə düzgün, əhəmiyyətli, uğurlu olmasına 2016-cı ilin aprel ayında həyata keçirilən əks-həmlə əməliyyatının və Günnüt əməliyyatının qələbəmizlə başa çatması buna ən dolğun əyani sübut, bariz nümunədir. Aprel zəfəri və Günnüt əməliyyatı ilə xalqımıza qələbə sevincini yaşadan ordumuza isə ən böyük qiyməti və dəyəri “Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” sözləri ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev verib. Verilən bu qiymətdən qürurlanan Azərbaycan hərbçiləri, eyni zamanda, ona etimad göstərildiyini, üzərlərinə ərazi bütövlüyümüzün təmin edilməsi kimi müqəddəs vəzifə düşdüyünü də bir anlıq unutmurlar. Bu etimadı bu vəzifənin müqəddəsliyini və nə qədər şərəfli olduğunu düzgün dərk edən şəxsi heyət irimiqyaslı təlimlərdə, çöl çıxışlarında günbəgün döyüş qabiliyyətini yüksəldərək, mənəvi-psixoloji hazırlığını daim artırmaqla, peşəkarlığını təkmilləşdirərək Vətən qarşısında borcunu şərəflə yerinə yetirməkdə davam edir.
Ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən yeni Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin istifadəyə verilməsi, respublikamızın müxtəlif bölgələrdə hava hücumundan müdafiə bölmələrinin yeni məntəqələri yaradılması, “İldırım” və modernləşdirilmiş S-125, eləcə də digər zenit raket komplekslərindən döyüş atışlarının icrası bu istiqamətdə görülən işlərin cüzi bir qismi, həyata keçirilən tədbirlər müəyyən bir parçasıdır. Ümumi proseslərə nəzər saldıqda isə əminliklə deyə bilərik ki, müasir texnoloji avadanlıqla təchiz edilən Hərbi Hava Qüvvələrimiz özünəməxsus bütün komponentlərə – döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qüvvələrin qısa müddətdə döyüş hazır vəziyyətə gətirilməsi, həmçinin istənilən iqlim, hava şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanması, təhlili, qərarların dəqiq, vaxtında qəbulu, bütün hədəflərin dərhal, dəqiqliklə məhv edilməsi və aviasiya qüvvələrinin bütün döyüş tapşırıqlarını səmərəli icrasını təmin etmək imkanına tam malikdir. Bu gün Ordumuzun üzərində çalışdığı ən mühüm istiqamətlərdən biri də müasir döyüş taktikasına uyğun olaraq, düşmənlə birbaşa təmasa girmədən onun qüvvə və vasitələri məhv etmək, hərbi strukturlarını iflic vəziyyətinə salmaqla onun canlı qüvvəsinin maksimum demoralizə olmasına nail olmaqdır. Hazırda tam səmimiyyətlə deyə bilərik ki, bu istiqamətdə böyük uğurlara artıq imza atmışıq.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı