Azərbaycanın NATO ilə əməkdaşlıq istiqamətləri
Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. BMT-nin himayəsi və ya ATƏT-in sanksiyası ilə aparılan əməliyyatların keçirilməsinə kömək üçün vacib qüvvə, vasitə və hazırlıq səviyyəsinin saxlanılması da SNT-nin məqsədlərinə daxildir. SNT təlim və məşğələlərində mütəmadi iştirak nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlara qoşularaq Avro-atlantik təhlükəsizliyin təmin olunmasına fəal töhfə verməyə qadir olmuşdur. Azərbaycan silahlı qüvvələrinin hərbi bölmələri (taqım şəklində) Türkiyə hərbi kontingenti tərkibində Kosovo Qüvvələri və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində NATO Silahlı Qüvvələri ilə birgə xidmət ediblər. Eyni zamanda, sülhməramlı, xilasetmə və humanitar əməliyyatların, o cümlədən digər sahələrdə əməliyyatların keçirilməsindən ötrü iştirakçı dövlətlərin müvafiq bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılır. Bunun üçün birgə planlaşdırma, hazırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO ilə hərbi əməkdaşlıq əlaqələrinin inkişafı, Şimali Atlantika İttifaqına üzv olan dövlətlərin qüvvələri ilə daha optimal qarşılıqlı təsirdə olacaq uzunmüddətli qüvvələrin yaradılması da proqrama daxildir. SNT proqramı qarşısında duran əsas məsələ Avropa miqyasında siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi və fəallaşdırılması, sabitliyin artırılması, sülhə təhlükənin azaldılması, həmçinin praktiki əməkdaşlıq və Şimali Atlantika İttifaqının demokratik prinsiplərinə tərəfdarlıq ruhunun yaradılması yolu ilə münasibətlərin möhkəmləndirilməsidir. 2002-ci ildə NATO/Avro-Atlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilmişdir. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət etmişdir. FTƏP 2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab İlham Əliyev NATO-ya rəsmi səfəri zamanı Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı özündə birləşdirən FTƏP Təqdimat Sənədini Alyansa təqdim etmişdir.Təqdimat Sənədi əsasında Azərbaycanın FTƏP sənədi hazırlanmış və 2005-ci ilin mayında qəbul edilmişdir. FTƏP ən başlıca siyasi, müdafiə və təhlükəsizlik, o cümlədən təhlükəsizliklə bağlı olan iqtisadi, elmi və ətraf mühit sahələrini əhatə edir. FTƏP-in icrası və yeniləşdirilməsi iki illik siklə əsaslanır və illik qiymətləndirmə hesabatları “Şimali Atlantika Şurası + Azərbaycan” formatında keçirilən görüşlərdə nəzərdən keçirilir.
2007-ci ilin avqust ayında FTƏP-in 2 illik sikli başa çatmışdır və 2008-ci ilin martında yeni sikl təsdiq edilmişdir. 2005-ci ilin mayında Azərbaycanın ilk FTƏP sənədinin qəbul edilməsindən bəri təhlükəsizlik sektorunun islahatı daxil olmaqla, onun uğurla həyata keçirilməsi üçün real addımlar atılmışdır.
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsiplərini müəyyən edən əsas milli sənədlər sırasında 1996-cı ildə hazırladığı SNT Təqdimat Sənədi və 2004-cü ildə hazırladığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı Təqdimat Sənədi qeyd edilməlidir. Bu sənədlərdə Azərbaycan Respublikası demokratikləşmə, müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, fövqəladə hallara hazırlıq, terrorçuluğa qarşı mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. Qeyd edilən sahələrdə praktiki əməkdaşlığa imkan verən Fərdi Tərəfdaşlıq Proqramı (FTP), Planlaşdırma və Analiz Prosesi (PAP) və FTƏP mexanizmlərindən istifadə edilir. FTP əsasən NATO strukturları, üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən, hazırlığın artırılmasına və ekspert müzakirələrinə xidmət edən tədbirlərdə (hərbi təlim, kurs, konfrans və s.) iştiraka şərait yaradır. Azərbaycan 1996-cı ildən başlayaraq, hər il FTP çərçivəsində orta hesabla 200-dən artıq tədbirdə iştirak edir. Avro-Atlantik Tərəfdaşlığın İşçi Planı tədbirlərin təfsilatı, Beynəlxalq Qərargah və Hərbi Komandanlıq tərəfindən irəli sürülmüş tədbirlərdən ibarətdir. Buraya müxtəlif təlimlər, kurslar, seminarlar, işçi görüşləri və s. tədbirlər aiddir. Fərdi Tərəfdaşlıq Planı isə AATİP-in tədbirlər siyahısından seçilərək hər bir tərəfdaş ilə birgə hazırlanmış iki illik Tərəfdaş Proqramıdır. SNT çərçivəsində fərdi fəaliyyət seçimi hər bir dövlətin şəxsi istək və bacarıqlarına əsaslanır. Seçilmiş sahələr İttifaqa NATO və hər bir tərəfdaş dövlət arasında birgə razılaşdırılan Fərdi Tərəfdaşlıq Proqramı üçün əsas mənbə rolunu oynayan Təqdimat Sənədinə daxil edilir.
Planlaşdırma və Təhlil Prosesi NATO-nun Müdafiəni Planlaşdırma Prosesini əks etdirməyə yönəlmiş könüllü mexanizmdir ki, burada Azərbaycan da daxil olmaqla 16 dövlət iştirak edir. Bu prosesə Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılmasına dair hər ölkənin öz üzərinə götürdüyü müxtəlif növ öhdəliklər daxildir.
Sübhan Ərəbi,
YAP-ın fəalı