Analitika

Azərbaycanın NATO ilə əməkdaşlığı

Azərbaycan özünün çoxvektorlu xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırmışdır. Buna görə də Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı – NATO ilə əlaqələrə xüsusi önəm vermiş və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab etmişdir. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan–NATO tərəfdaşlığında əsas istiqamətlər- siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapmışdır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilmişdir.

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR) iştirak etmişdir. 15 avqust 2003-cü ildən 7 dekabr 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada 151 şəxsi ibarət Azərbaycan hərbi kontingenti iştirak etmişdir. Azərbaycanlı qüvvələr Hadisədə yerləşən su anbarının və su elektrik stansiyasının təhlükəsizliyini təmin edirdilər. Azərbaycan 15 noyabr 2002-ci ildə Əfqanıstanda ISAF əməliyyatını dəstəkləmək üçün 22 hərbçidən ibarət bir hərbi birlik göndərdi. Azərbaycanlı birliklər Kabildə yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi sursat anbarının təhlükəsizliyini və patrul xidmətini yerinə yetirirdilər.

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramının prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci il tarixinədək mövcud olmuş münaqişə ilə bağlı məsələlər, sülhməramlı əməliyyatlar, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və digər ortaq maraq kəsb edən mövzular müzakirə olunur. Həmçinin, 2021-ci il dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Azərbaycan mühüm enerji infrastrukturunun mühafizәsi, terrorizmә qarşı mübarizә üzrә Avratlantika Tәrәfdaşlıq Şurası formatında İşçi Qrupun sәdri olmaqla bu sahədə öz töhfəsini verir. Belə töhfə NATO ilə kəşfiyyat və təhlil mübadiləsindən, NATO müttəfiqləri ilə birlikdə milli əks-terror təlim imkanlarını gücləndirməkdən, sərhəd və infrastruktur təhlükəsizliyinin təkmilləşdirilməsindən ibarətdir.

2022-ci ildə Alyansla Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü olacaq. Hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button