Analitika

Azərbaycanın müstəqillik günü 28 may tarixində qeyd olunur

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) elan edilməsi ilə əlaqədardır. ADR, müsəlman şərqində ilk parlamentli respublika olaraq tarixə düşüb və bu gün Azərbaycan xalqı tərəfindən Milli Bayram kimi qeyd edilir. Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) – Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Bu gün Cümhuriyyətin yaranmasından 106 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.

Ermənistan Respublikası yaranan kimi ermənilər onlara yaxınlıqda yerləşən Naxçıvan torpaqlarına təcavüzə başladı­lar. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci ilin noyabrın 18-də Araz–Türk Respublikasını yaratdılar. Araz-Türk Respublikası Naxçıvanın daşnak hücum­larından qorunmasında mühüm rol oyna­dı və Azərbaycanla birləşmək üçün yollar axtarırdı. Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı qorumaq üçün imkanı daxi­lində köməklik edir, danışıqlar aparırdı. Beləliklə, erməni daşnaklarının Naxçıvan torpağını zorla Azərbaycandan ayırmaq cəhdləri boşa çıxır.

Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitlə üzləşsə də ölkənin sosial-iqtisadi həyatı, milli-mədəni quruculuq sahələri ilə bağlı çoxsaylı işlər həyata keçirmiş­di. İlk tədbirlər sırasında gömrük xidməti yaradılmış, azad ticarətə şərait yaratmış, neft sənayesini dirçəltmək üçün əks-mil­liləşdirmə tədbirlərinə əl atılmış, xarici şirkətlərlə sazişlər bağlanmış, maliyyə si­yasəti həyata keçirilmişdi. AXC hökuməti “Bakı bonu” adlandırılan milli pul vahidi­ni dövriyyəyə buraxmış, sosial siyasətlə bağlı proqram hazırlayıb tətbiq etmiş və digər zəruri tədbirləi gerçəkləşdirmişdi

1918-ci il iyunun 16-da isə Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncə şəhərinə köçdü. Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərildi. Lakin orada müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökumətin işini pozmağa cəhd göstərirdilər. İyunun17-də Milli Şuranın buraxılması və bütün qanunverici hakimiyyətin hökumətin səlahiyyətinə keçməsi haqqında qərar qəbul edildi. Qərarda bildirilirdi ki, hökumət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərti ilə qalan məsələlərin həllində tam ixtiyar sahibi olmalıdır. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisinə seçkilər keçirib hakimiyyəti ona təhvil verməlidir. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirmişlər. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və adı çəkilən sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button