Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var
Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan parlamentinin binası üzərindən endirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət Bayrağında mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.
Müasir Dövlət Gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da Azərbaycanın Dövlət Gerbi haqqında müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət Gerbi haqqında qərarın qəbulu mümkün olmayıb.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə müsabiqə elan olunub və 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklər edilməklə 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq edilib. 2018-ci il noyabrın 2-də “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olundu. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət Himni kimi təsdiq edildi. Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli Qərarı ilə təsdiqlənib. 2000-ci və 2004-cü illərdə həmin Əsasnaməyə bir sıra əlavə və dəyişikliklər edilib. 2018-ci il noyabrın 2-də Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmişdir. 2019-cu il fevralın 19- da Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.
Ulu Öndər Heydər Əliyevin ucaltdığı bayraq, təsdiq etdiyi himn və gerb bu gün Azərbaycan xalqının qürur mənbəyidir! Gələcək nəsillərimizin dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaratdığı dövlət quruculuğu və hüquq sisteminin bünövrəsində Vətənimizi daha da uca zirvələrə qaldıracaqlar!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi