Analitika

Azərbaycanın Mərkəzi Asiya ilə olan bağları güclənir

Azərbaycanın uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər son dövrlər ölkə başçılarının siyasi iradəsi ilə daha da genişlənib. Tacikistan Prezidenti Emoməli Rəhmonun budəfəki dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə sənaye kooperasiyasının, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib. İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək və verilən tapşırıqların yerinə yetirilməsinin vəziyyəti müzakirə olunacaq.

Tacikistan Prezidenti noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət edilib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, əsas məsələ münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteridir. Əgər iki ölkənin əlaqələri dostluq, qardaşlıq münasibətlərinə söykənmirsə, sırf iqtisadi maraqlar üzərində qurulubsa onun ömrü o qədər də uzun ola bilməz. Bu mənada Azərbaycan-Tacikistan münasibətləri bir çox ölkələr üçün nümunə olmalıdır. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button