
Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. 1918-1920-ci illərdə mövcud olmuş Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mürəkkəb problemlərə və ciddi maneələrə baxmayaraq, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına nail olunmuşdu. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski İran Xarici İşlər Nazirliyinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Xalq Cümhuriyyəti dövründə Bakıda İranın diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın İranda Adil xan Ziyadxanovun başçılığı ilə diplomatik nümayəndəliyi fəaliyyət göstərmişdir. 1920-ci il martın 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən, İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanımışdı. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradılmışdı.
Münasibətlər iki qonşu ölkəni biri-birinə daha da yaxınlaşdırır, hər hansı bir problemin mövcudluğunu tamamilə istisna edir. Tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Xüsusilə energetika sahəsində geniş imkanlar var. Bu isə dünya energetika bazarında hər iki ölkənin yerini daha da möhkəmləndirir. Həmçinin tərəflər görüş zamanı regionda olan vəziyyəti müzakirə etdilər, biri-birlərinin milli maraqlarına hörmətlə yanaşdıqları bəyan edildi. Azərbaycan-İran münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə hər hansı bir şübhə ola bilməz. Eyni zamanda hər iki ölkəni qədimdən birləşdirən tarix, mənəvi dəyərlər var. Bu münasibətlərin daha da yaxşı olması cəmiyyətdən gələn sosial mesajdır. İnanırıq ki, hər iki ölkə bundan sonra da yaxşı münasibətlərin qurulması, əlaqələrin möhkəm olması üçün maksimum səy göstərəcəklər. Azərbaycan bu məsələdə İranla yaxşı münasibətlərin qurulmasını özünün xarici siyasətində prioritet məsələlərdən biri hesab edir.
Natiq Musayev
Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri