AnalitikaGündəmSiyasət

Azərbaycanın güclü regional siyasəti Mərkəzi Asiyada yeni inkişaf modelinin formalaşmasına real töhfə verir

Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistan son illərdə regionda modern inkişaf xəttinin əsas lokomotivinə çevrilib. Prezident Şavkat Mirziyoyevin genişmiqyaslı islahatları ölkəni qapalı idarəçilik modelindən çıxararaq daha açıq, dinamik və rəqabətədavamlı iqtisadi sistemə yönəldib. Bu kurs həm ölkənin daxili modernləşməsini sürətləndirir, həm də onun beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin yüksəlişi isə xüsusilə son dövrdə daha qabarıq şəkildə görünür.

Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursu iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə güclü təkan verib. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və həyata keçirilən layihələr münasibətləri yeni geosiyasi mərhələyə çıxarıb.
Enerji, nəqliyyat və logistika sahələrində formalaşan əməkdaşlıq Orta Dəhlizin inkişafında həlledici rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində bu dəhliz Azərbaycan üzərindən Avropaya uzanan etibarlı ticarət xəttinə çevrilib, Özbəkistan isə bu marşrutun əsas tərəfdaşlarından biri olub. Bu həm regional iqtisadi inteqrasiyanı gücləndirir, həm də türk dövlətləri arasında birliyin möhkəmlənməsinə xidmət edir.

Mədəni-humanitar sahədə də əlaqələr xüsusi əhəmiyyət daşıyır. Həm Prezident İlham Əliyev, həm də Prezident Şavkat Mirziyoyev xalqlar arasında tarixi bağların qorunmasını və yeni əməkdaşlıq istiqamətlərinin açılmasını prioritet hesab edirlər.

Bu gün Azərbaycan və Özbəkistan təkcə siyasi və iqtisadi tərəfdaş deyil, eyni zamanda regionda sabitlik, inkişaf və modernləşmə xəttinin iki mühüm dayağı kimi çıxış edirlər. Özbəkistanda aparılan islahatlar və Azərbaycanın güclü regional siyasəti birlikdə Mərkəzi Asiyada yeni inkişaf modelinin formalaşmasına real töhfə verir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button