AnalitikaGündəmSiyasət

Azərbaycanın enerji strategiyası: etibarlı tərəfdaşlıqdan dayanıqlı inkişaf modelinə

Azərbaycan son illərdə həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində yalnız özünün enerji təhlükəsizliyini təmin edən ölkə kimi deyil, eyni zamanda, beynəlxalq enerji bazarında etibarlı və mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Ölkəmizin enerji sektorunda qazandığı nailiyyətlər Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, beynəlxalq əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına və ölkənin regional əhəmiyyətinin artmasına mühüm təsir göstərib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti bu gün Azərbaycanın çoxsaylı ölkələr üçün etibarlı enerji tərəfdaşı kimi qəbul olunmasını təmin edən əsas amillərdən biridir.

22 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkənin iqtisadi inkişafının müxtəlif istiqamətləri ilə yanaşı, son illərdə həyata keçirilən dövlət proqramlarının nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər də diqqət mərkəzində olub. Dövlət başçısının çıxışında qeyd olunan məsələlər Azərbaycanın inkişaf strategiyasının ayrı-ayrı sahələrlə məhdudlaşmadığını, iqtisadiyyatın bütün istiqamətlərinin kompleks şəkildə inkişaf etdirilməsinə əsaslandığını göstərir.

Azərbaycanın enerji sahəsində qazandığı mövqenin formalaşması uzunmüddətli və düşünülmüş strategiyanın nəticəsidir. Ölkəmizin zəngin neft-qaz ehtiyatlarından səmərəli istifadə etməsi, müasir enerji infrastrukturu yaratması və beynəlxalq tərəfdaşlarla genişmiqyaslı əməkdaşlıq qurması enerji sektorunun milli iqtisadiyyatdakı rolunu əhəmiyyətli dərəcədə artırıb. Bununla yanaşı, Azərbaycan enerji resurslarının ixracı ilə yanaşı, nəqliyyat və infrastruktur imkanlarını da inkişaf etdirərək özünü regionda mühüm enerji mərkəzlərindən birinə çevirib.

Bu prosesdə Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələri xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin enerji resurslarının müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılması həm Azərbaycanın iqtisadi imkanlarını genişləndirib, həm də tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə töhfə verib. Nəticədə Azərbaycan enerji sahəsində uzunmüddətli və etibarlı əməkdaşlığın formalaşdığı ölkələrdən birinə çevrilib.

Enerji sektorunda əldə edilən nəticələr ölkənin digər iqtisadi sahələrinin inkişafına da mühüm zəmin yaradıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, yeni sənaye sahələrinin yaradılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasında yer alır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan iqtisadiyyatının gələcək inkişafında təbii ehtiyatlardan daha səmərəli istifadə etməklə yanaşı, həmin ehtiyatların ölkə daxilində emal olunması və yüksək əlavə dəyər yaradılması mühüm məsələ kimi qarşıya qoyulur. Dövlət Proqramının əsas məqsədlərindən biri də məhz mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi yolu ilə daha yüksək əlavə dəyərin formalaşdırılmasıdır.

Bu yanaşma Azərbaycanın iqtisadi siyasətində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Çünki xammalın yalnız hasil edilərək ixrac olunması ilə müqayisədə onun ölkə daxilində emalı daha çox iqtisadi dəyərin yaradılmasına, yeni istehsal sahələrinin formalaşmasına və məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı bu baxımdan enerji sektorunda formalaşmış təcrübənin digər strateji sahələrə tətbiqi üçün də mühüm imkanlar açır. Enerji sektorunda yaradılmış infrastruktur, idarəetmə təcrübəsi, investisiya imkanları və beynəlxalq əməkdaşlıq platformaları Azərbaycanın yeni sənaye istiqamətlərində də daha geniş layihələr həyata keçirməsinə şərait yaradır.

Yeni Dövlət Proqramında dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, istehsal güclərinin artırılması və mövcud potensialdan daha səmərəli istifadə olunması nəzərdə tutulur. Proqramın icrası üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır.

Bu rəqəm qarşıya qoyulan hədəflərin miqyasını aydın şəkildə göstərir. Dövlət və özəl sektorun imkanlarının səfərbər edilməsi, investisiya fəaliyyətinin genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatındakı çəkisinin artmasına xidmət edəcək.

Proqram çərçivəsində həyata keçiriləcək layihələrin təsiri yalnız sənaye müəssisələrinin fəaliyyəti ilə məhdudlaşmayacaq. Yeni istehsal güclərinin yaradılması logistika, nəqliyyat, xidmət, podrat, təchizat və digər əlaqəli sahələrdə də əlavə imkanların yaranmasına səbəb olacaq. Eyni zamanda, ixtisaslı kadrlara tələbatın artması texniki və peşə təhsilinin inkişafını, yeni bilik və bacarıqların formalaşmasını stimullaşdıracaq.

Bütün bunlar regionların sosial-iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Yeni sənaye layihələrinin regionlarda həyata keçirilməsi yerli məşğulluğun artmasına, iqtisadi fəallığın genişlənməsinə və əhalinin gəlir imkanlarının yüksəlməsinə şərait yarada bilər. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, yeni Dövlət Proqramı regionların sosial-iqtisadi inkişafı gündəliyini də özündə əks etdirir.

Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlar ölkənin qarşısında yeni iqtisadi imkanlar açıb. Bu imkanlardan istifadə etməklə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etdirilməsi, yeni sənaye istiqamətlərinin yaradılması və ixrac strukturunun genişləndirilməsi strateji əhəmiyyət daşıyır.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu genişmiqyaslı iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi, onların ölkə daxilində emalı və yüksək əlavə dəyərli məhsulların istehsalı Azərbaycanın sənaye potensialını daha da gücləndirəcək.

Bu gün Azərbaycan enerji sahəsində bir çox ölkələr üçün etibarlı tərəfdaş kimi tanınırsa, qarşıdakı mərhələdə yaradılacaq yeni sənaye imkanları ölkəmizin iqtisadi tərəfdaşlıq imkanlarını daha da genişləndirə bilər. Enerji sektorunda formalaşmış dayanıqlı əməkdaşlıq modeli, qeyri-neft sənayesinin inkişafı ilə tamamlanaraq Azərbaycanın iqtisadiyyatının daha şaxələndirilmiş strukturunun formalaşmasına xidmət edəcək.

Beləliklə, enerji siyasətində əldə olunan nəticələr yalnız bu sektorun uğurları ilə məhdudlaşmır. Bu nəticələr ölkənin ümumi iqtisadi inkişafına, investisiya imkanlarının genişlənməsinə və yeni strateji sahələrin formalaşmasına təsir göstərir. 2027–2030-cu illəri əhatə edən Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı isə həmin inkişaf xəttinin yeni istiqamətlərindən biri kimi qarşıdakı illərdə Azərbaycanın sənaye siyasətində mühüm yer tutacaq. Dövlət Proqramı bu gün təsdiqlənib və onun icrasına dair koordinasiya, nəzarət, monitorinq və maliyyələşmə mexanizmləri də müəyyən edilib.

Mustafa Məmmədzadə,
Xəzər rayonunun gənc fəalı,
Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi

Oxşar Xəbərlər

Back to top button