Analitika

Azərbaycanın enerji siyasəti yeni əməkdaşlıq platformalarının yaranmasını təmin edib

 “Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz 30 il ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İki dost ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, etibarlı işgüzar əlaqələrin ardıcıl inkişafı istiqamətində addımların atılması, ölkələrin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləməsi münasibətlərimizin yüksək səviyyədə olmasının təzahürüdür”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasiminə dəvət olunması beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Şübhəsiz ki, Azərbaycanıın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Hal-hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da genişləndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.

“Səudiyyə Ərəbistanı şirkətlərinin dəstəyi ilə Abşeron rayonunda bərpaolunan enerji mərkəzi yaradılıb və Xəzər dənizi regionunda bərpaolunan enerji bloklarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti hazırda Abşeron və Xızı rayonlarında istehsal gücü 240 meqavat, dəyəri 300 milyon dollar olan külək-elektrik stansiyası layihəsini həyata keçirməkdədir. Təsadüfi deyil ki, Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında külək-elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələri imzalanmışdır. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi enerji siyasətimizin uğurla davam etdiyinin göstəricisidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmiz beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirib, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin edib. Heç şübhəsiz müstəqil enerji siyasətimiz ölkəmizin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirib və strateji təhlükəsizliyini daha da gücləndirib.

Oxşar Xəbərlər

Back to top button