Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü kimi onların işində yaxından iştirak edir. Azərbaycanın xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıq da aparıcı xətt təşkil edir. Bu istiqamətdə NATO ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir.
Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Lakin Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Ulu öndər Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı.
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsiplərini müəyyən edən əsas milli sənədlər sırasında 1996-cı ildə hazırladığı SNT Təqdimat Sənədini və 2004-cü ildə hazırladığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı Təqdimat Sənədini qeyd etmək olar. Bu sənədlərdə Azərbaycan Respublikası demokratikləşmə, müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, fövqəladə hallara hazırlıq, terrorçuluğa qarşı mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir.
Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi