Analitika

Azərbaycanın dünya ölkələri ilə çoxşaxəli əməkdaşlığı

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxışında vacib məqamlara toxunub, mühüm məsələlərdən bəhs edib.Bəli,müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Uzun illər dünyada xam neft ixracatçısı kimi tanınan ölkəmiz artıq 8 ölkəyə qazını idxal edir. Bunlardan 6-sı Avropa ölkəsidir və Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Bununla da, etibarlı ticarət tərəfdaşı adını qazanan ölkəmiz dünya ölkələri ilə çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək istiqamətində fəal iş aparır, heç bir ölkənin daxili işlərinə qarışmadan, şəffaf və təhlükəsiz şəraitdə siyasi dialoq həyata keçirərək zəngin enerji potensialı, güclü və dayanıqlı iqtisadiyyatı ilə hərtərəfli inkişafını təmin edir.

Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan və dünyada sülhün, əmin-amanlığın təmin olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın lider dövlətinə çevrildi. Müharibənin qələbə ilə başa çatmasından sonra regionda söz sahibi olan, bütün dünyada dayanıqlı iqtisadiyyata, güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə malik ölkə olaraq qəbul edilən dövlətimiz qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə investisiyalar yatırmağı prioritet hesab edir.Bu mənada Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə bərpaolunan enerji potensialı barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılmalıdır: “2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir” Cənab prezidentin qeyd etdiyi kimi ölkəmizin zəngin enerji yataqlarına sahib olması, bunun nəticəsi olaraq respublikamızda neftlə bərabər qaz hasilatının da artması, iqtisadiyyatda qaz gəlirlərinin mühüm əhəmiyyət daşıması regionun lider dövləti olan Azərbaycanı daha böyük güc amilinə çevirir. Bu gün müstəqil dövlətimiz dünyanın bir çox ölkələrı ilə sıx əməkdaşlıq əlaqələri quraraq həm özü inkişaf edir, həm də xarici ölkələrlə münasibətlərini daha da möhkəmləndirir.

Ayşən Kazımova,
Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button