Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonrakı dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olundu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Dahi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına bir daha sadiq qaldığını sübut etdi ki, həqiqətən Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir. Umummilli liderimizin məyyənləşdirdiyi düzgün siyasi xətt respublikada qısa vaxtda ordu quruculuğunu möhkəmləndirmiş, güclü, mütəşəkkil ordunun yaradılmasına gətirib çıxarmışdır. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağı altında olduğu belə çətin durumda ordu quruculuğuna böyük diqqət yetirilməsi daxili siyasətin daha bir uğuru deməkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün gördüyü işləri sadalamaqla bitib tükənən deyil. Çünki, Azərbaycanın hər daşında, torpağında, quruculuq işlərində ulu öndərin izləri var, onun fəaliyyətinin uğurlu bəhrələrini hər yerdə görmək mümkündür. Bu gün onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri xalqımıza bəllidir və gözümüz önündədir. Müasir Azərbaycan cəmiyyəti bəşəri dəyərlərə sadiq qalmaqla milli-mənəvi dəyərlər əsasında inkişaf etdirilir. Milli dövlətçilik rəmzləri: dövlət himni, dövlət bayrağı, respublikanın gerbi, dövlət dili daim uca tutulur.
Yüksək milli-mənəvi dəyərlərə və dövlət rəmzlərinə malik olmaq Azərbaycanda dövlət müstəqilliyinin real nəticəsi və təntənəsidir. Göründüyü kimi, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünəməxsus inkişaf modeli, siyasi-iqtisadi və mədəni yüksəliş konsepsiyası əsasında irəliyə doğru tarixi yolunu davam etdirməkdədir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı