Analitika

Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır

2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt unutmayacaq. Həmin gün yaddaşımızda əbədi qalacaq. Prezident İlham Əliyevin 2023-cü il dekabrın 31- də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məsələ öz əksini tapıb. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir. İşğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olunmuş, düşmənin ordusu, hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Son 20 ildə həyata keçirilən siyasi kursun prioriteti Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etmək idi. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatanda Azərbaycan Bayrağı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırıldı. Ancaq xalq yaxşı bilirdi ki, işimiz yarımçıq qalıb.  Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik strateji kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi. Həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdi, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırıldı.

Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malik oldu. Xüsusilə də, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür. Dövlət başçısının qeyd etdiyi kimi, “bizim beynəlxalq nüfuzumuz gündən-günə artır”. Hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir. Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.

Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.

Dövlətimizin başçısı bildirdi ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib, keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, – deyən Ç.Qənizadə sözünə davam edərək diqqətə çatdırıb ki, bu gün Qərbdə ikili standartlar hökm sürməsinə baxmayaraq, ölkəmiz bütün təzyiqlərə, hədə-qorxulara, əsassız ittihamlara əhəmiyyət vermir.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button