AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın daxili sabitliyi ölkənin davamlı inkişaf perspektivini gücləndirir

Prezident İlham Əliyevin Davosda 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə strateji mövqeyini ortaya qoyur. Dövlət başçısı beynəlxalq hüququn zəifləyən təsiri fonunda Azərbaycanın milli maraqlara əsaslanan praqmatik siyasətini, Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini, həmçinin enerji təhlükəsizliyində strateji rolunu vurğulamışdır. Ölkə başçısı beynəlxalq hüquq normaları məsələsinə toxunarkən qeyd etdi ki, müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq normalarının bütün dövlətlər üçün dəyişməz və mütləq mexanizm kimi işləmədiyi açıq şəkildə müşahidə olunur. Məhz bu reallıq Azərbaycanın strateji yanaşmasını müəyyənləşdirmişdir. Dövlət siyasətinin əsas məqsədi milli maraqlara uyğun nəticələrə nail olmaqla yanaşı, bu məqsədləri beynəlxalq hüququn prinsiplərinə tam riayət etməklə həyata keçirmək olmuşdur. Azərbaycanın atdığı bütün addımlar — istər siyasi inkişaf istiqamətində, istərsə də suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesində — beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə uyğun şəkildə reallaşdırılmışdır.

Həmçinin, cənab Prezident vurğuladı ki, beynəlxalq münasibətlər hazırda yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə qlobal proseslər daha çox hüquqi mexanizmlərlə deyil, real güc balansı ilə tənzimlənir. Dünyanın müxtəlif regionlarında baş verən hadisələr bu tendensiyanın bariz nümunəsidir. Belə bir şəraitdə hər bir dövlət öz strategiyasını mövcud potensialına uyğun şəkildə formalaşdırmalı, həm regional, həm də qlobal səviyyədə mümkün qədər geniş əməkdaşlıq əlaqələri qurmalıdır. Azərbaycan məhz bu praqmatik və balanslaşdırılmış siyasət sayəsində beynəlxalq arenada mövqelərini möhkəmləndirməyə nail olmuşdur.

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini yüksək beynəlxalq etimadın və Azərbaycanın sülh gündəliyinə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirmişdir. Dövlət başçısının fikrincə, bu mükafat otuz ildən artıq müddətdə qanlı münaqişələr və müharibələrlə üzləşmiş Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində həyata keçirilən ardıcıl siyasətə verilən beynəlxalq qiymətdir. O diqqətə çatdırdı ki,hazırda Cənubi Qafqaz regionu yeni inkişaf mərhələsinə qədəm qoyur. Son aylarda bölgədə nisbətən sabit sülh mühitinin formalaşması region dövlətləri üçün mühüm tarixi imkanlar açır. Azərbaycan tarixində ilk dəfə olaraq uzunmüddətli qarşıdurmalardan sonra sülh şəraitində inkişaf perspektivləri əldə edir ki, bu da həm siyasi, həm də sosial-iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı bildirdi ki,Azərbaycan ilə Ermənistan arasında münasibətlər mərhələli şəkildə qarşıdurmadan əməkdaşlığa doğru transformasiya olunur. Yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması və Ermənistan üçün strateji əhəmiyyət daşıyan əsas malların, xüsusilə neft məhsullarının təchizatının bərpa olunması regional əməkdaşlığın formalaşdığını göstərir. Bu proses qarşılıqlı fayda prinsiplərinə əsaslanır və regionda etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, dövlət başçısının mövqeyinə əsasən, Azərbaycan və Ermənistanın, eləcə də vətəndaş cəmiyyətlərinin birgə səyləri sayəsində Cənubi Qafqazda müvəqqəti deyil, davamlı və dayanıqlı sülhün təmin olunması mümkündür. Azərbaycanın əsas strateji məqsədi məhz bu sülh modelinin qurulmasıdır.

Prezident İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, Azərbaycan daxilində sabitliyə təhlükə yaradan daxili risklər mövcud deyil. Bununla belə, hər bir dövlət üçün sərhədyanı təhlükəsizlik və regional sabitlik məsələsi daim diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycanın təhlükəsizlik baxımından əsas narahatlıqları daxili deyil, daha çox regionda və qonşu ölkələrdə baş verən proseslərlə bağlıdır. Məhz bu səbəbdən rəsmi Bakı ətraf mühitdə sabitliyin və proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinin formalaşmasına xüsusi önəm verir. Dövlət başçısı regionda, xüsusilə qonşu ölkələrdə müşahidə olunan qeyri-sabitlik hallarının diqqətlə izlənildiyini qeyd etmişdir. Tarixi təcrübə göstərir ki, müharibə və işğal nəticəsində ciddi itkilərə məruz qalmış dövlətlər üçün sülh və təhlükəsizlik ən böyük strateji dəyərdir. Minlərlə insan itkisi ilə müşayiət olunan qarşıdurmalardan sonra əldə edilən sabitlik Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilmişdir. Bu baxımdan sülh mühiti istənilən ölkənin davamlı inkişaf və uğur qazanmasının əsas şərti kimi qiymətləndirilir.

Enerji bazarındakı vəziyyətə toxunan Prezident İlham Əliyev neft qiymətlərinin sabit qalmasının həm istehsalçılar, həm də istehlakçılar üçün müsbət göstərici olduğunu vurğulamışdır. Qlobal miqyasda müxtəlif regionlarda baş verən siyasi və iqtisadi proseslərin neft bazarına ciddi təsir göstərməməsi enerji sektorunda proqnozlaşdırıla bilən mühitin formalaşdığını göstərir. Bu isə tərəflərə uzunmüddətli planlama aparmaq imkanı yaradır. Bu baxımdan, dövlət başçısı Cənubi Qafqazda və onun ətrafında təhlükəsizlik mühitinin pisləşməyəcəyinə ümidvar olduğunu bildirmiş, bütün ölkələri regional sabitliyin və sülhün qorunmasına öz töhfələrini verməyə çağırmışdır.

Ölkə başçısı daha bir mühüm məsələyə toxunaraq söylədi ki,Azərbaycan Cənubi Qafqaz regionunda enerji ehtiyatlarına malik olan və neftlə yanaşı, təbii qazı digər ölkələrə ixrac edən əsas dövlətdir. Regionun digər ölkələri — uzun illərdir Gürcüstan, son dövrlərdə isə Ermənistan — enerji tələbatının mühüm hissəsini məhz Azərbaycandan təmin edir. Bu amil Azərbaycanın Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas dayağı kimi çıxış etdiyini təsdiqləyir. Eyni zamanda, Azərbaycan ilə Avropa və Avropa İttifaqı arasında enerji əməkdaşlığı dinamik şəkildə genişlənməkdədir. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Boru kəməri qazının coğrafi əhatə dairəsinə görə Azərbaycan dünya miqyasında aparıcı mövqelərdən birini tutur. Bu göstərici ölkənin qlobal enerji xəritəsində strateji əhəmiyyətini daha da artırır. Azərbaycan zəngin təbii resurslara, inkişaf etmiş nəqliyyat infrastrukturuna və müasir boru kəməri sistemlərinə malikdir. Bir sıra Avropa dövlətləri ilə formalaşmış konstruktiv münasibətlər həmin ölkələr üçün enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan üçün isə bu əməkdaşlıq yüksək dəyərli bazarlara çıxış və enerji ehtiyatlarının səmərəli şəkildə realizasiyası deməkdir. Qaz ixracı yalnız Avropa istiqaməti ilə məhdudlaşmır. Son dövrlərdə Azərbaycanın enerji ixrac coğrafiyası genişlənərək Yaxın Şərq regionunu da əhatə etməyə başlamışdır. Bununla belə, qiymət və uzunmüddətli əməkdaşlıq baxımından Avropa bazarı Azərbaycanın enerji strategiyasında əsas və ən əlverişli istiqamət olaraq qalır.

Prezident İlham Əliyev müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı davamlı tənqidi mövqeyinə artıq reaksiya verilmədiyini bildirmişdir. Dövlət başçısının fikrincə, bu mövqenin əsas səbəbi Azərbaycanın müstəqil və prinsipial xarici siyasət kursunu qəbul etməyən müəyyən lobbi qruplarının və siyasi dairələrin təsiridir. Məhz bu yanaşma Avropa Parlamentinin Azərbaycanla bağlı obyektivlikdən uzaq mövqeyinin formalaşmasına gətirib çıxarmışdır. Bu kontekstdə Azərbaycan uzun müddətdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə institusional əməkdaşlığı dayandırmışdır. Bununla yanaşı, rəsmi Bakı Avropa İttifaqının icraedici qurumu olan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir və münasibətləri praqmatik əsaslar üzərində qurur. Bu seçim Azərbaycanın beynəlxalq əməkdaşlıqda qarşılıqlı hörmət və bərabərlik prinsipinə üstünlük verdiyini göstərir.

Eyni zamanda Cənab İlham Əliyev xüsusilə vurğulamışdır ki, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdığı və Ermənistanın özü bu əlaqələri müsbət qiymətləndirdiyi bir şəraitdə Avropa Parlamentinin Azərbaycana qarşı ittihamçı mövqeyi məntiqsiz və ziddiyyətli görünür. Heç vaxt həyata keçirilməmiş addımlara görə Azərbaycanın “təcavüzkar mövqedə” ittiham olunması siyasi reallıqlarla uzlaşmır. Eyni zamanda, ötən ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülhə doğru atılmış mühüm addım kimi dəyərləndirilir. Dövlət başçısı Avropa Parlamentinin üzvlərinin bu yeni reallıqları nəzərə alaraq Azərbaycana qarşı mövqelərini yenidən qiymətləndirəcəklərinə ümid etdiyini bildirmişdir.

Azərbaycanın daxili sabitliyi, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və enerji ixracında müxtəlif bazarlara çıxış imkanı ölkənin davamlı inkişaf perspektivini gücləndirir. Eyni zamanda, Avropa və digər beynəlxalq qurumlarla praqmatik əməkdaşlıq Azərbaycanın xarici siyasətinin balanslaşdırılmış və müstəqil olduğunu göstərir. Nəticə etibarilə, Cənab İlham Əliyev verdiyi bu  müsahibə Azərbaycanın regional lider rolunu, sülhə və iqtisadi sabitliyə verdiyi önəmi, eləcə də beynəlxalq siyasətdə öz maraqlarını qoruyaraq konstruktiv əməkdaşlıq qurmaq qabiliyyətini təsdiqləyir. Bu, həm də Azərbaycan üçün yeni imkanlar və uzunmüddətli strateji perspektivlərin əsasını qoyur.

Əlisoy Nərgiz,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button