Azərbaycanın böyük tərəfdaşları var

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən müsahibəsi yayımlanıb. Həmin müsahibədə Bakı Enerji Həftəsi çərçivəsində həyata keçiriləcək planlar haqqında Cənab Prezidentin məlumat vermişdir.Həmin planlar enerji sahəsi ilə bağlı bir çox önəmli məsələləri əhatə edir.Cənab Prezident tərəfindən bu sahədə Azərbaycanın böyük tərəfdaşları olduğu vurğulanıb. “Masdar” strateji tərəfdaşdır,“ACWA Power”, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri olduğu vurğulanıb. Onu da qeyd etmək lazımdır ki, “Masdar” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bərpa olunan enerji sahəsində ilk layihəsini həyata keçirəcək. Azərbaycanla Avropa arasında imzalanmış analaşma memorandumlarına görə, Azərbaycan Avropaya həm elektrik enerjisi, həm də “yaşıl hidogen” ixrac edəcək”. “Masdar” şirkəti Azərbaycanda 2025-ci ilədək 1 qiqavat gücündə günəş, 2026-cı ilədək quruda 1 qiqavat gücə malik külək, 2033-cü ilədək dənizdə 2 qiqavat gücə malik külək enerjisi və yaşıl hidrogen layihəsini reallaşdırmağı, habelə 2037-ci ilədək dənizdə günəş enerjisi, külək və dəniz küləyindən istifadənin daha da genişləndirilməsini planlaşdırır.
Cənab Prezident tərəfindən müsahibədə eyni zamanda Azərbaycanda yaxşı sərmayə mühiti olunduğu qeyd olunub.Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun – Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.
Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub. Bu gün, burada xarici şirkətlərlə yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək
Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq, intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, 2019-cu ilin 31 oktyabr tarixində şirkətlərin təklifləri olan zərflər açılıb. “ACWA Power” və “Masdar” şirkətləri ilə pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.
Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji ektorunda aparıcı şirkətlərindən olan “Acwa Power” şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir. Bu gün Azərbaycana yatırılan 300 milyon ABŞ dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.
Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir. Bu istiqamətdə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verilir. Ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılıb və bu layihə Azərbaycanda bərpa olunan enerji baxımından gözlənilən böyük dəyişikliklərdən xəbər verir.
Cəfərli Ayşən,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi