Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir

Avropa İttifaqı hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yeni müstəqil dövlətlərlə iş aparmaq, demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturu yaratmaq, ticarət, nəqliyyat, gömrük-keçid işlərini inkişaf etdirmək üçün TASİS proqramını hazırlayıb və onu maliyyələşdirir. Avropa İttifaqının digər təşəbbüsü 1993-cü ilin mayında, Brüsseldə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsi nümayəndəsinin iştirak etdiyi konfransda irəli sürülən “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsidir. Bu layihə tarixi şərq-qərb “İpək yolu” dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının bərpası və inkişaf etdirilməsini nəzərdə tutur. Avropa İttifaqı layihəyə texniki yardım proqramı hazırlayaraq kömək edir. TRASEKA layihəsinin reallaşmasında ən mühüm məqam 8-9 sentyabr 1998-ci ildə Bakıda 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndəsinin iştirak etdiyi beynəlxalq konfrans oldu. Bu konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş” adlanan mühüm sənəd imzalandı. TRASEKA-nın intensiv fəaliyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında əhəmiyyətli rolu olub. Bu özünü yük daşımalarından əldə olunan gəlirdə, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində, yeni iş yerlərinin açılmasında və s. sahələrdə göstərib. TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyi 21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlayıb və koordinasiya funksiyasını icra edir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı il aprelin 22-də imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” oldu. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu sazişi Ümummilli lider Heydər Əliyev “Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə” kimi səciyyələndirmişdi.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı