Azərbaycandan Avrasiyaya açılan körpü
Bu gün Azərbaycan beynəlxalqmiqyaslı transmilli layihələrin reallaşmasında da aktiv rol oynayır. İlham Əliyevin qlobal təşəbbüsləri ilə Azərbaycan Avropa ilə Asiya arasında ticarət körpüləri yaradır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bu proseslərə mühüm töhfəsini verir. Bütün bunlarla yanaşı, Cənubi Qafqazın lider dövləti Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olması üçün çox mütərəqqi təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılması təklifidir.
Oktyabrın 26-da türk dünyasının iki lideri – Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Bütövlükdə bölgə, eyni zamanda, türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Dəhliz Zəngəzur bölgəsindən keçməklə Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya etdirəcək. Bu baxımdan təməli qoyulan yeni avtomobil yolu Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək.
Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatıni inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi region dövlətləri ilə yanaşı, türkdilli dövlətlərin də iqtisadi inkişafına böyük töhfə olacaq. Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdırır. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat arteriyası olacaq. Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.
Başlanğıcını Füzulidən götürəcək bu yol Ermənistan sərhədinə qədər 123,6 kilometrdir. Yolun üzərində uzunluğu toplam 3610 metr olan 3 tunel tikiləcək. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tuneldə artıq 160 metrlik iş görülüb.
Yol üstündə Zəngilan hava limanı da yerləşir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcək.
Zəngəzur dəhlizi eni 5 kilometr olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq. Bu yol həm Azərbaycanın böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol da salınacaq.
Bu hayihənin reallaşması ilə bütün geosiyasi qüvvələr Azərbaycan və Türkiyənin mövqeyi, atdığı addımlar, uğurlu iqtisadiyyat və nəqliyyat layihələri ilə sözsüz ki, hesablaşacaqlar. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan və Türkiyə, ümumilikdə, Avrasiyanın orta xəttində hər kəs üçün yeni bir səhifə açacaq.
Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz gün azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq.
Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı artırır. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.
Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. Dəhlizin əhəmiyyətinin Ukrayna-Rusiya münaqişəsindən sonra kəskin şəkildə artmasını iqtisadi göstəricilər də təsdiqləyir.
Bu istiqamətdə də 2 layihə reallaşdırılır – Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti bu il yəni 2023-ci ildə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.
Qeyd edək ki, Zəngəzur hazırda bir hissəsi Ermənistan ərazisində olan qədim Azərbaycan torpağıdır. 1920-ci ildən Azərbaycanla Naxçıvanı bir-birindən ayrı salan bu ərazi indi bizi yenidən birləşdirəcək. Zəngəzur dəhlizi Zəngilan ərazisindən keçir. Dəhliz açıldıqdan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bu blokadadan xilas olacaq. Tarixi ərazimiz olan Zəngəzura 101 ildən sonra yenidən qayıdacağıq. Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi qələbəsi olacaq.
Ermənistan bu dəhlizin açılmasına qarşı çıxsa da, bu, 10 noyabr Üçtərəfli Bəyanatının müddəasıdır. Məğlub ölkə müharibə başa çatdıqdan sonra dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəliyi reallaşdıracağına söz versə də, bir müddətdən sonra prosesi dayandırdı. Azərbaycan isə həm avtomobil, həm də dəmir yolu çəkilişini davam etdirdi. İrəvan isə yeni iddialarla çıxış edərək yenə də öz xislətini nümayiş etdirməyə başladı. Bəyanatın imzalanmasının vasitəçisi olan Rusiya isə Ermənistana bununla bağlı heç bir xəbərdarlıq etmədi. Amma 44 günə Azərbaycan Ordusu qarşısında diz çöküb yalvaran Ermənistan rəhbərliyinə əsl xəbərdarlığı qalib komandan İlham Əliyev etdi. Azərbaycan Prezidenti dedi ki, Zəngəzur dəhlizi açılmayacaqsa, Ermənistanla heç bir sülh sazişi imzalanmayacaq və lazım gələrsə “dəmir yumurq” yenidən işə düşəcək. İlham Əliyev qəti şəkildə bildirdi ki, Ermənistan götürdüyü öhdəliyə əsasən Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasını əngəlləmək istəsə, bunun nəticəsi çox ağır olacaq: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində də İlham Əliyev bir daha bu məsələyə toxunaraq bidirdi ki, iki il əvvəl döyüş meydanında qazanılan tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
Abasov Həmid,
Xəzər rayonu, 181 saylı tam orta məktəbin müəllimi