Azərbaycandakı Müasir idman infrastrukturu dünya ölkələri üçün nümunədir
Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviləşdirilməsi işi böyük ölçüdə təmin edilmişdir. Uşaqların, yeniyetmələrin, gənclərin idmana marağı ildən-ilə artır. Müasir idman infrastrukturunun yaradılması istiqamətində işlər davam edir, yeni idman qurğuları inşa edilir, köhnələri bərpa olunur. Artıq elə bir bölgə yoxdur ki, orada bədən tərbiyəsi və idmanın inkişafı prioritetlər sırasında olmasın. İndi ölkədə 10 mindən çox idman qurğusu fəaliyyət göstərir. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında dönüş mərhələsi başladı. Çox keçmədi ki, vəziyyət köklü şəkildə dəyişdi, milli olimpiya hərəkatı genişlənərək ölkə idmanının lokomotivinə çevrildi.
Cənab İlham Əliyev MOK-un prezidenti seçilən kimi bütün idman ehtiyatlarını səfərbər edib düzgün istiqamətə yönəltmək, ölkənin idman təşkilatları arasında sıx əməkdaşlıq yaratmaq, onların vahid proqram əsasında bu sahənin tərəqqisini təmin etmək üçün işə başladı. Bütün bunlar milli olimpiya hərəkatının, bütövlükdə ölkə idmanının beynəlxalq aləmdə nüfuz qazanmasına gətirib çıxardı. İdmançılarla şəxsi görüşlər, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi onların beynəlxalq turinirlərdə böyük məqsədlər uğrunda mübarizə əzmini artırdı. Azərbaycan idmanı intibah dövrünü yaşayır. Dövlətin bu sahəyə diqqəti daimidir. İdmançılar, idman mütəxəssisləri hər cür qayğı ilə əhatə olunublar. Hər il yeni-yeni idman qurğuları tikilib istifadəyə verilir. Dövlət başçısının fərmanı ilə 2012-ci il “İdman ili” elan olunmuşdu. 2005-ci ildən bəri ölkədə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilir. Bir sözlə, idman cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilmişdir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Cənab Prezidentin dediyi kimi: “Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza – bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi – həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər. Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir. Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır”.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı