Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır
Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan götürülüb. Azərbaycanın müstəqilliyinin ilk günlərindən insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının təmin edilməsi sahəsində mühüm işlər görülüb. Bununla belə, son illər ərzində Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələr barədə informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin media qarşısında qoyduğu ən əsas hədəflərdən biri Azərbaycan reallıqları barədə məlumatların dünyaya çatdırılması, ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub. Prezident İlham Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı qeyd etmişdi ki: “Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur” Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələndən sonra bölgədə geosiyasi, həmçinin ictimai-siyasi durum tamamilə dəyişib. Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Yaranmış durumda, medianın üzərinə böyük məsuliyyət düşür: “Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik”.
Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. Bütün demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyəti təmin olunub. Mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqilliyini möhkəm edir. İlham Əliyev öz çıxışında vurğuladı ki, “Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır”. Müasir jurnalistika sosial media ilə sıx bağlıdır. Sosial medianın fəaliyyəti cəmiyyətin mövqeyinin formalaşmasına təsir edir. Medianın cəmiyyətin və dövlətin inkişafında rolu da böyükdür. Bu gün Azərbaycanda böyük islahatlar aparılır. Ölkə başçısı daima həm media nümayəndələrini, həm də hər bir vətəndaşı ictimayi nəzarətin həyata keçirilməsində fəal iştirak etməyə çağırır: “Sosial medianın rolu durmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin meyarıdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır”.
Mətanət Cəfərova,
YAP-ın fəalı