Analitika

Azərbaycanda investisiya mühiti çox müsbətdir

Dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi investisiya-innovasiya siyasəti qazanılan bir çox uğurların əsasını təşkil edir. Makroiqtisadi sabitliyin və iqtisadi artımın təmin olunmasında, iqtisadi təhlükəsizlik, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsində, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, bir çox sosial-iqtisadi problemlərin həllində ölkədəki investisiya durumu, investisiyaların innovasiya yönümlü olması vacib şərtlərdən biridir.

Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib. Ölkədə yaradılan siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Mövcud investisiya siyasəti, yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir.

Bu səbəbdən, prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində infrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı aparılan praktik addımlar barədə sualları cavablandırıb.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edilir ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir. Lakin indi şaxələnmə barədə düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. İndi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi həyata keçirilir. Ümid edilir ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin, biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız onları yaxşı qarşılayaraq və yaxşı siyasətlərlə dəvət edə bilərik.

Bugün ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi hazırda 280 milyard dollara çatıb.

Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.

Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması, bu sahəyə dövlət qayğısının artırılması məqsədilə bir sıra qurumlar fəaliyyət göstərir:

Azərbaycan İnvestisiya Şirkəti – 2006-cı ildə sahibkarlığın inkişafının dəstəklənməsi sahəsində həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə yaradılmışdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.

Yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edilməsini həvəsləndirmək məqsədilə 2003-cü ildə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. Fond investorlar, yerli istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-özəl sektor dialoqunda əhəmiyyətli işlər görür. AZPROMO xarici investorlara öz investisiya layihələrini həyata keçirmək üçün sahələrin müəyyənləşdirilməsində, yerli bürokratiya ilə mübarizə aparmaqda və onların Azərbaycana gəlməsini asanlaşdırmaqda yardım edir. Yerli müəssisələr də AZPROMO-nun məsləhət xidmətləri və xarici bazar tədqiqatlarından faydalanırlar.

Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən də qiymətləndirilmişdir. Belə ki, 2011-ci ilin dekabr ayında “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BBB-” səviyyəsinədək qaldırılmış və bununla da Azərbaycana investisiya reytinqi vermişdir. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq “B” səviyyəsindən “A-3” səviyyəsinə çatdırmışdır. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB-” səviyyəsində saxlamışdır. “Moody’s” agentliyi isə Azərbaycana şamil etdiyi “Ba1” səviyyəsində suveren reytinqi üzrə proqnozunu “stabildən” “pozitivə” dəyişmişdir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir. 

İskəndərova Xuraman,
Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button