Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərilir
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.
2022-ci ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışında bildirmişdir ki, aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı ildə də davam edəcəyinə inam böyükdür.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. Belə ki, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında 2 qızıl, bir bürünc medalın qazanılması, bu nəticəyə görə dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması belə deməyə ciddi əsas verir. Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab edilir.
Bu gün dövlət başçısının uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsidir ki, ölkəmiz bir çox sahələrdə regionda lider dövlətə çevrilmişdir. Dövlətimizin iqtisadiyyatının ildən-ilə artması idmanın inkişafına daha da müsbət təsir göstərmişdir.
Hal-hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri istifadəyə verilmiş, idmanla bağlı maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün görülən bu işlər idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayır.
44 günlük müharibədə böyük tarixi qələbələrə imza atmış xalqımızı təmsil etmək, həm böyük qürur hissi doğurur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxan zaman fəxrlə bilməlidirlər ki ,müzəffər ölkəni və qalib xalqı təmsil edirlər.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi