Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır
Yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak etmişdir. Dövlət başçısı mərasimdə çıxış etmişdir.
O, çıxışında ilk olaraq bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.
Azərbaycan idman ölkəsi kimi tanınır və ildən-ilə idman sahəsində qazanılan uğurlar daha da artır. Ötən ildə də idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Prezident çıxışında qeyd etdi ki, İdmançılarımız ötən il ərzində də bir çox Avropa və dünya üzrə gedən yarışlarda iştirak etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. Türkiyənin Konya şəhərində 56 ölkə arasında baş tutan yarışda idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu çox yüksək göstəricidir. Çünki bu yarışda ölkələr əsas idmançıları ilə təmsil olunmuşdur.
Ölkəmizdəki idman ənənəsinin olduğunu vurğulayan ölkə başçısı bildirdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.
Prezident qeyd etdi ki, Gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaqdır.
“Sağlam bədəndə sağlam ruh olar” fikrini əsas tutan Prezident bildirdi ki, idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.
Əlbəttə, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq. Bizim dövlətimiz idmana və idmançılara hər zaman qayğı ilə yanaşmış, hər cür şəraitlə təmin etmişdir. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.
Ölkə başçısı çıxışında bildirdi ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq üçün bütün imkanlar və hər cür şərait var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Ötən ildə də Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub.
Keçən ilin yekunları ilə yanaşı gələcəkdən də danışan İlham Əliyev qeyd etdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.
Həmçinin o bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir.
Sonda Prezident qeyd etdi ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi.
Cəfərli Seyran,
Xəzər rayonu, 237 nömrəli tam orta məktəbin müəllimi