Analitika

Azərbaycanda gənclər siyasəti davamlı inkişaf strategiyası üzərində qurulub

2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər.

1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu modeldir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Bütün gənclərin hamisi və qayğıkeşi olan cənab İlham Əliyev çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış geniş imkanlardan, şəraitdən maksimum faydalansın. Müasir gəncliyin innovativ potensialından hərtərəfli istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Ümummilli lider həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycan gənclərinin təşkilatlanması əsas vəzifə kimi qarşıya qoyulub. Gənclərimizin bütün sahələrdə fəallığı, uğurları daha da artıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

İslam Bafadarov,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button