Analitika

Azərbaycanda enerji təhlükəsizliyi

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-cü illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur. Bunların sırasında “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununu, “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” Dövlət Proqramını, “2005-2015-ci illərdə ölkənin yanacaq-enerji kompleksinin inkişafı” Dövlət Proqramını, “Şahdəniz -2” təbii qaz layihəsini və s. göstərmək olar.

Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.

Azərbaycanın son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf ölkənin enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir.

İqtisadiyyatın və ölkə əhalisinin enerjinin bütün növləri ilə uzunmüddətli və sabit təmin olunması elmi cəhətdən əsaslandırılmış enerji siyasəti ilə sıx şəkildə bağlıdır. Bu siyasətin əsas məqsədi həm də təbii yanacaq-enerji ehtiyatlarından iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün səmərəli şəkildə istifadə olunmasına yönəlmişdi

Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində indiyədək 71 neft və qaz yatağı istifadəyə verilmişdir. Onlardan 43-ü quruda, 28-i Xəzərdəki milli sektorda yerləşir. Hazırda 54, o cümlədən quruda 36, dənizdə 18 yatağın dövriyyəyə daxil edilməsi ilə bağlı işlər davam etdirilir, 9 yataq isə kəşfiyyat mərhələsindədir. Azərbaycanda yataqların işlənməyə başlanmasından hazırkı dövrədək 1,5 milyard ton neft (kondensatla birlikdə) və 480 milyard kub metrdən artıq qaz hasil edilmişdir, o cümlədən dəniz sahəsindəki yataqlardan 0,5 milyard ton neft (kondensatla birlikdə) və 352 milyard kub metr qaz çıxarılmışdır.

Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri də ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsindən ibarətdir. Bu məqsədlə son illərdə qarşıya qoyulmuş əsas vəzifələr milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasından ibarətdir.

Müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə olan illik təxminən 18 milyard kvt/saat daxili tələbatını ödəməyə, eyni zamanda, qonşu ölkələrə 2 milyard kvt/saata yaxın enerji ixrac etməyə imkan vermişdir.

Azərbaycanın elektrik enerjisi sisteminə hazırda 13 istilik və 6 su elektrik stansiyası (ümumi elektrik istehsalının 90 faizi istilik, 10 faizi isə su elektrik stansiyalarının payına düşür) daxildir. “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq, 2005-2015-ci illərdə respublikada ümumi gücü 3000 meqavata yaxın daha bir neçə elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulmuşdur ki, bu da Azərbaycanın həm daxili enerji təchizatını, həm də ixrac potensialını ciddi şəkildə artıracaqdır.

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək və digər bərpa olunan enerji mənbələrindən istifadə edilməsinin, bu yöndə müasir qurğuların qurulması və tətbiqinin böyük perspektivi vardır. Həmin perspektivi və mövcud imkanları nəzərə alan Azərbaycan hökuməti 2008-ci ildə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” xüsusi Dövlət Proqramı qəbul etmiş və hazırda onun reallaşdırılmasına başlamışdır. Hesablamalara görə, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Həmin ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik enerjisinə bərabərdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən, atmosfer üçün zərərli maddə olan karbon dioksidin qarşısının alınması deməkdir.

Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.

Qaragözova Dilqənd,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button