AnalitikaGündəmSiyasət

Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir

Yanvarın 8-də Bakıda “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji sektorunda yeni və mühüm mərhələ kimi yadda qaldı. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və geniş çıxışı bu layihənin təkcə texniki deyil, həm də strateji və siyasi əhəmiyyətini bir daha ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, bu gün ölkəmizin həyatında əlamətdar gündür və stansiyanın istismara verilməsi Azərbaycanın enerji potensialının gücləndirilməsinə, ümumi iqtisadi inkişafına mühüm töhfə verəcək.

Prezident İlham Əliyev çıxışında xatırlatdı ki, bu layihənin təməli dörd il əvvəl, 2022-ci ilin yanvarında məhz həmin salonda qoyulmuşdu və ötən dövr ərzində ardıcıl, məqsədyönlü iş aparılaraq bu gün konkret nəticə əldə olunub. Bu fakt Azərbaycanın uzunmüddətli planlaşdırma, sabitlik və qəbul edilən qərarların icrasında ardıcıllıq prinsiplərinə sadiqliyini aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı stansiyanın tikintisində əməyi olan bütün tərəflərə, xüsusilə investor kimi çıxış edən “ACWA Power” şirkətinə və onun rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd olundu ki, bu, “ACWA Power”in Azərbaycanda inşa etdiyi ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu olmayacaq. Şirkətin ölkəmizlə bağlı daha böyük planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam dəstəkləyir.

Prezidentin çıxışında beynəlxalq əməkdaşlıq məsələsi xüsusi yer tutdu. Bildirildi ki, “ACWA Power” bərpaolunan enerji sahəsində dünyada aparıcı şirkətlərdən biridir və Azərbaycanla əməkdaşlıq çərçivəsində yeni layihələrin icrasına böyük maraq göstərir. Bunun bariz nümunəsi kimi ölkəmizdə ilk dəfə həyata keçiriləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də məhz bu şirkət tərəfindən investor qismində icra olunacağı qeyd edildi. Eyni zamanda, stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyəti yüksək qiymətləndirildi və bu şirkətin gələcəkdə həm podratçı, həm də investor kimi Azərbaycanda daha geniş layihələr həyata keçirəcəyinə əminlik ifadə olundu.

Dövlət başçısı Azərbaycan energetiklərinin əməyini xüsusi vurğuladı. Son illərdə yeni generasiya güclərinin istismara verilməsi, xüsusilə bərpaolunan enerji mənbələrinin böyük həcmdə ölkənin ümumi enerji sisteminə inteqrasiyası yüksək peşəkarlıq və məsuliyyət tələb edir. Prezident İlham Əliyev qeyd etdi ki, qarşıdakı illərdə bərpaolunan enerji stansiyalarının tikintisi daha da geniş vüsət alacaq və bu, Azərbaycan energetiklərinin üzərinə daha böyük vəzifələr qoyur. Bununla yanaşı, bərpaolunan enerji sahəsində əsas yükün getdikcə daha çox xarici investorların üzərinə düşəcəyi, lakin yerli şirkətlərin də artıq bu sahəyə maraq göstərməyə başladığı bildirildi. Artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə Azərbaycan şirkətləri tərəfindən start verilməsi bu prosesin real göstəricisidir.

Prezident İlham Əliyev vurğuladı ki, son 20 il ərzində Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi və modernləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Bu müddət ərzində generasiya gücləri, iri yarımstansiyalar və ötürücü xətlər demək olar ki, tamamilə yenilənib. Nəticədə ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb və bu gün Azərbaycanın ümumi generasiya gücü 10 min meqavata yaxınlaşaraq tarixi rekord səviyyəyə çatıb. Qarşıdakı illərdə yeni bərpaolunan enerji obyektlərinin istismara verilməsi ilə bu göstəricinin daha da artacağı, bunun həm daxili tələbatın ödənilməsinə, həm də elektrik enerjisinin ixracının genişləndirilməsinə imkan yaradacağı bildirildi.

Çıxışda ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafının vacibliyi də xüsusi qeyd olundu. Prezident İlham Əliyev Mingəçevirdə ötən il istismara verilmiş təxminən 2000 meqavat gücündə ənənəvi elektrik stansiyasını xatırladaraq bildirdi ki, məhz bu balanslı yanaşma Azərbaycanın enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Son dövrdə 230 meqavat gücündə Günəş elektrik stansiyasının, bu gün isə 240 meqavat gücündə külək elektrik stansiyasının istismara verilməsi, işğaldan azad edilmiş Cəbrayıl rayonunda ümumi potensialı 340 meqavat olan üç Günəş elektrik stansiyasının tikintisi ölkənin bu sahədə atdığı ardıcıl addımların göstəricisidir.
Prezident qeyd etdi ki, Azərbaycanın coğrafi mövqeyi demək olar ki, bütün bölgələrdə bərpaolunan enerji istehsalına imkan verir. Qaradağ, Xızı, Abşeron, eləcə də gələcəkdə Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələr bunu təsdiqləyir. Xüsusilə Xəzər dənizinin potensialı diqqətə çatdırıldı. Beynəlxalq qiymətləndirmələrə görə, Xəzərin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat səviyyəsindədir və bu, gələcək illərdə ölkənin regionun ən böyük və etibarlı elektrik enerjisi istehsalçılarından birinə çevriləcəyini deməyə əsas verir. Bu kontekstdə dövlət başçısı xarici investorları, o cümlədən süni intellekt, data mərkəzləri və böyük enerji tələbatı olan digər sahələr üzrə fəaliyyət göstərən şirkətləri Azərbaycana sərmayə qoymağa dəvət etdi.

Çıxışda Azərbaycanın investisiya mühiti və maliyyə dayanıqlığı barədə də ətraflı məlumat verildi. Son illərdə ölkəyə 300 milyard dollardan çox xarici sərmayənin cəlb edilməsi, kredit reytinqinin yüksəldilməsi, xarici borcun ÜDM-in təxminən 6 faizindən bir qədər çox olması və valyuta ehtiyatlarının xarici borcu 16–17 dəfə üstələməsi Azərbaycanın iqtisadi gücünün göstəricisi kimi təqdim olundu. Prezident İlham Əliyev vurğuladı ki, ölkədə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür, Azərbaycan artıq beş ildir sülh şəraitində yaşayır və genişmiqyaslı quruculuq işləri aparılır.

Bütün bunlar Azərbaycana qoyulan sərmayənin təhlükəsiz və gəlirli olacağını sübut edir.
Gələcək planlardan danışan dövlət başçısı artan bərpaolunan enerji potensialının saxlanılması üçün infrastrukturun yaradılmasının vacibliyini qeyd etdi. Bu məqsədlə ölkə tarixində ilk dəfə olaraq 250 meqavat gücündə Batareya Enerji Saxlanc Sisteminin yaradıldığı və bu layihənin “AzərEnerji” tərəfindən icra edildiyi bildirildi. Qarşıdakı illərdə bu cür sistemlərin sayının artacağı və bu sahədə də xarici investorların iştirakının arzuolunduğu vurğulandı. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, imzalanmış müqavilələr əsasında 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda son beş ildə dövlət vəsaiti hesabına tikilmiş 40-a yaxın kiçik su elektrik stansiyası və onların artıq 300 meqavatdan çox potensiala malik olması bu prosesin mühüm tərkib hissəsidir.

Sonda Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qazandığı uğurları ümumiləşdirərək bildirdi ki, ölkəmiz neft, qaz, elektrik enerjisi və digər enerji məhsullarının ixracı ilə bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı isə bu etibarlı mövqenin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir. Dövlət başçısı mərasimin sonunda bu əlamətdar hadisə münasibətilə bütün iştirakçıları təbrik edərək stansiyanın fəaliyyətinə uğurlar arzuladı.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button