Analitika

Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir

Respublikamızda müasir infrastruktur quruculuğu digər sahələrdə olduğu kimi, elektrik enerjisi təsərrüfatında da geniş vüsət alıb.

Dövlətimizin başçısı iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışına qatılıb. Açılış mərasimində yarımstansiyada görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir.

2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Bəhs olunan dövrdə ölkəmizin elektrik enerji təsərrüfatında uğurla reallaşdırılan layihələrə Astara, Xaçmaz, Şəki, Şahdağ, “Cənub”, “Şimal-2” və digər stansiyaların yüksək səviyyədə tikilib istifadəyə verilməsini misal göstərə bilərik. Şirvan şəhərində tikilən “Cənub” Elektrik Stansiyasının generasiya gücü təxminən 800 meqavata bərabərdir. Sumqayıt Elektrik Stansiyası 525 meqavat gücündədir. 2019-cu ildə istifadəyə verilən 400 meqavat gücündə “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. O cümlədən, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Azərbaycanın qısa müddətdə özünün enerji müstəqilliyini təmin etməsi və elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi böyük uğurdur.

“Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. “Reabilitasiya proqramı”nın icrası generasiya güclərini artırmaq üçün yeni imkanlar yaradır. Bəhs olunan layihə çərçivəsində Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkənin enerji sistemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında 100 meqavata qədər “itirilmiş” güc bütünlüklə bərpa olunub. Ümumiyyətlə, “Azəreneri” bəhs olunan “Reabilitasiya Proqramı”na uyğun olaraq 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. İndiyədək həmin 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən, 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı, etibarlılıq və dayanıqlığın təmin olunması da qarşıya əsas məqsəd kimi qoyulub.

Hazırda “Azərenerji” tərəfindən Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında həyata keçirilən bərpa işləri uğurla tamamlanmaq üzrədir. Məlum olduğu kimi, bəhs olunan stansiyada 2018-ci ilin iyul ayında qəza baş vermişdi. Bərpa layihəsi çərçivəsində stansiyadakı 8 blokun hamısı yenidən qurulub. Stansiyada bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır ki, bu da kifayət qədər böyük həcmdir. Hər biri 300 meqavat qoyuluş gücü ilə ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku ayrı-ayrılıqda qəzaya qədər 190-250 meqavat güc əldə edə bilirdisə, yenidənqurmadan sonra bu rəqəm 300 meqavatdan da artıq həcmə yüksəlib.

Paralel olaraq 2018-ci ildə qəza baş verən 330 kilovoltluq yarımstansiya tam yenidən qurulub və 330 kV-luq yeni idarəetmə mərkəzi tikilib. “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən, ölkənin ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada da yenidənqurma işləri başa çatıb. Bundan başqa, su kanalının beton qatı yenilənib, “Qarabağ” kanalının üzərindən əhali üçün yeni körpü tikilərək yol çəkilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Bundan başqa elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb.

Ümumilikdə, görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılıb, etibarlıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Bütövlükdə, respublikamızın enerji təchizatının möhkəmləndirilməsi və bu sahədə dayanıqlılığın təmin edilməsi məqsədilə həyata keçirilən işlər kompleks səciyyə daşıyır və layihələr bir-birini tamamlayır. Bu baxımdan müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sisteminin qurulması da mühüm əhəmiyyət daşıyır. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 70 yarımstansiyanı əhatə edəcək. Aartıq yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən, yeni avadanlıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.

Azərbaycan son illərdə bütün ölkə üzrə böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən irimiqyaslı layihələr sayəsində infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button