Analitika

Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir

Ardıcıl və məqsədyönlü xarici siyasət kursu sayəsində dünyada nüfuzu getdikcə artan Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda təmsilçiliyi də yüksək səviyyədədir. Respublikamız xoş məramı, yeni qlobal çağırışlara adekvat olan təşəbbüsləri və davamlı töhfələri ilə üzv olduğu beynəlxalq təsisatların funksionallığının artmasında mühüm rol oynayır. Ölkəmizin tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatında (QH) uğurlu fəaliyyəti buna yaxşı nümunədir. Azərbaycan QH-nın daha bir mötəbər tədbirinə yüksək səviyyədə ev sahibliyi edib. İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev respublikamızın quruma sədrliyi dövründəki prioritetlərinə diqqət çəkib. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, ötən dövrdə təsisatda təmsil olunan dövlətlərdə Azərbaycana yüksək inam və etimad formalaşıb. Qısa zaman kəsiyində respublikamızın qurumun sıravi üzvlüyündən onun sədrliyinə yüksəlməsi bunun əyani təsdiqidir. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. QH-da Azərbaycana belə yüksək inamın formalaşması isə heç də təsadüfi deyil, bu, bilavasitə ölkəmizin təsisatla xoş mərama əsaslanan səmərəli əməkdaşlıq münasibətləri qurmasının nəticəsidir. Respublikamız 2011-ci ildən bəri Qoşulmama Hərəkatının dünyada nüfuzunun artması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmlənməsi və digər istiqamətlərdə fəal, nəticəyönümlü çalışmalar ortaya qoyub. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün Hərəkata üzv olan 30-dan çox ölkənin gəncləri bu proqramdan faydalanırlar. Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması təşəbbüsü də Azərbaycandan gəlib. 2022-ci il 25-29- iyul tarixində ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq QH-na üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Bu təşkilatın yaradılması Qoşulmama Hərəkatı Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub. Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə 200-dən çox ölkəyə yayılan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini yeni çağırışlara adekvat qurmaq məcburiyyətində qaldı. Respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button