Azərbaycanda çoxpartiyalı demokratik sistemin ən uğurlu nümunəsini görmək olar
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi.Əsası qoyulmuş bu siyasət bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir. Ölkə başçısı cənab Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında qeyd etdiyi kimi Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməkdir və Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur. Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir. Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Reformalar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir.Ölkəmizdə həyata keçirilən siyasi islahatlar, onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin olunması fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Siyasi islahatların çox mühüm istiqamətlərindən biri kimi siyasi dialoq mühitinin formalaşdırılması da bu prosesə böyük dəstək olan əsas çağırışlar sırasında yer alır. Dövlətimizin başçısı İlham Əliyev ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəltmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər.
İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemdə təkmilləşmənin yol açdığı uğurların da təqdimatı oldu. Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirsə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına ümumxalq inamını və etimadını nümayiş etdirir. Bu kimi müsbət meyillərin güclənməsinə yönəlmiş addımların ardınca martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfransın keçirilməsi də təqdir olunmalı məsələlər sırasındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin, həmçinin Milli Məclisin 80-dək deputatının iştirakı ilə baş tutan konfrans bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayır. Məhz dialoq mühitinin yaranması nəticəsində siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı