Azərbaycana qarşı oynanılan ikili siyasət..
Azərbaycanın Qarabağ Zəfərindən sonra Avropa təşkilatlarının əksəriyyətinin ölkəmizə qarşı qərəzli addımlarının sayı çoxalmağa başladı. Heç şübhəsiz, belə addımlar bütün planları puç olan Fransanın təşkilatçılığı və təhriki ilə atılır. Torpaqlarımız işğal altında olan zaman susan qurumlar indi ölkəmizə təsir göstərmək üçün yeni mexanizmlər tətbiq edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının açılış günü Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səbəb kimi Avropa Şurasının təməl prinsipləri olan fərdi azadlıq, qanunun aliliyi, öhdəliklərin davamlı şəkildə yerinə yetirilməməsi normalarının göstərilməsi belə qərəzli təşkilatların artıq ortalığa ikili standartlardan başqa yeni ideya və prinsip qoya bilmədiyini sübuta yetirdi. Regionda yeni cücərən sülh ümidlərini məhv etməyə yönəlmiş belə qərarlar 75 yaşlı Avropa Şurasına nüfuz gətirməyəcək, əksinə, bu zamana qədərki fəaliyyətinə kölgə salacaq. Azərbaycan beynəlxalq hüququn pozulması halını aradan qaldırıb. BMT, ATƏT və Avropa Şurası kimi çoxüzvlü təşkilatların təməl prinsiplərinə, həm də “müharibə qanunu” kimi tanınan beynəlxalq humanitar hüququn normalarına tam əməl edib. Bu gün dünyanın müxtəlif yerlərində gedən müharibələrdə mülki insanların, infrastrukturun kütləvi şəkildə necə məhv edildiyinin şahidi oluruq.“Rəsmi Bakı Qələbədən sonra erməniəsilli sakinlərin Azərbaycanda yaşamaları üçün beynəlxalq hüquqa və təcrübəyə əsaslanan təkliflərini dəfələrlə səsləndirib. Lakin bəzi qüvvələrin təxribatı ilə ermənilər könüllü şəkildə ərazimizi tərk etdilər. Köçənlərə təzyiqin olmamasına dair ermənilərin özləri həm Azərbaycanın, həm də Ermənistanın media nümayəndələri ilə söhbətlərində qeyd ediblər. Eyni zamanda, BMT missiyası da bölgəyə səfər etmişdi. Təşkilat səfərin yekununa dair verdiyi bəyanatda da göstərmişdi ki, erməni sakinlərin köçmələrində Azərbaycanın müdaxiləsi olmayıb. Xankəndi şəhərində mülki və ictimai obyektlərə, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya Azərbaycan hökumətinin ərazidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına çalışdığını da qeyd etmişdi.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa sülhün qurulması istiqamətində heç bir rol oynamasa da, münaqişənin yenidən alovlanması üçün ciddi cəhdlə çalışır. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi; 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur. Qərarlarının heç bir hüquqi və məcburetmə təsiri olmayan, özünü insan hüquqları qoruyucusu və müdafiəçisi kimi göstərən, lakin yurisdiksiyasına daxil olan bölgədə insan hüquqlarının pozulmasına ən böyük təhlükə mənbəyi olan, sülhün əldə edilməsinə heç bir fayda verə bilməyən Avropa Şurası Parlament Assambleyası özü qərəzli siyasəti ilə hazırda Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradır.Ermənistanın özü vaxtilə həyata keçirdiyi təcavüz faktını qəbul edərək, Azərbaycanın suverenliyinin tanınması istiqamətində addımların atılması anında bu təsisatların etdiyi “canfəşanlıq” onların iç üzlərini göstərir. Əsas məqsədləri hər vəchlə Cənubi Qafqazda sülhün qarşısında əngəl olmaqdır.
Lakin, unutduqları bir məqam var, Azərbaycanla təhdid dili ilə danışmaq və onu nəyəsə məcbur etmək kimi yalnış düşüncələr bu qurumların özlərindən başqa heç kəsə zərər verməyəcəkdir.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 saylı tam orta məktəb müəllimi