AnalitikaGündəmSiyasət

Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən tarixi görüş XIX əsrin ikinci yarısına gedib çıxan Azərbaycan- ABŞ münasibətlərini tarixi zirvəyə qaldıraraq strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymasına zəmin yaratdı.

Görüşdə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması, əməkdaşlığın institusional əsasda qurulması və ikitərəfli əlaqələrin dərinləşdirilməsi məqsədilə strateji işçi qrupunun yaradılması haqqında sənədlər imzalandı. Sözügedən təşəbbüs ikitərəfli əməkdaşlığa yeni imkanlar açdı və əməkdaşlığın strukturlaşdırılması yolunda əsas rol oynadı.

2026-cı il fevral ayının 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır. İmzalanan sənədə əsasən tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Hər iki ölkə terrorizm təhdidinə qarşı birgə mübarizə aparmağı, mövcud antiterror əməkdaşlığını genişləndirməyi, həmçinin kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlığı planlaşdırır. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizləmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər. Sənədə əsasən, Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir.

Cey Di. Vensin səfəri yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır, həm də region üçün böyük önəm kəsb edir. Bu səfər Cənubi Qafqazda ABŞ-nin rolunu gücləndirmək məqsədilə aparılan diplomatik səylərin bir hissəsidir. Vens həmçinin Ermənistana da səfər edərək orada və oradan gələn regional layihələrdə iştirak edib. Bu səfər ABŞ-nin Cənubi Qafqaza diplomatik və iqtisadi səylərini artırmaq, həmçinin bölgədə sabitlik və inkişaf üçün potensial imkanlar yaratmaq niyyətini əks etdirir.

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin regional səfəri həm də, mühüm siyasi mesajlar verdi: 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Azərbaycan–Ermənistan sülh gündəliyi uzunmüddətli regional sabitliyə doğru atılmış mühüm addım idi. Çətinliklərə baxmayaraq, proses göstərir ki, davamlı sülh siyasi iradə, diplomatiya və iqtisadi inteqrasiya yolu ilə mümkündür. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP), eləcə də Trans-Xəzər ticarət marşrutu Avropa ilə Asiya arasında əsas körpüyə çevrilə bilər. Layihə dəmir və avtomobil yolları, boru kəmərləri, elektrikötürmə xətləri və fiber-optik şəbəkələrdən ibarət multimodal sistemi nəzərdə tutur.

Rəqəmsal transformasiya və süni intellekt ABŞ-la iqtisadi əməkdaşlığın əsas sütunlarına çevrilir. Azərbaycanın neft, təbii qaz, Günəş və külək enerjisi potensialı data mərkəzləri üçün lazım olan enerjini təmin edə bilməsi faktı texnoloji əməkdaşlıqda üstünlük hesab olunur. Siyasi səviyyədə artan əməkdaşlıq qarşılıqlı hörmət və ortaq strateji maraqları əks etdirir. Yüksəksəviyyəli dialoq və davamlı diplomatik təmaslar hər iki tərəfin əməkdaşlığı gücləndirmək və uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətini nümayiş etdirir. Nəticə etibarilə bu səfər daha geniş kontekstdə sülhün möhkəmləndirilməsi, iqtisadi bağlantının inkişafı və Cənubi Qafqazda ABŞ-nin iştirakının yeni strateji çərçivəsinin formalaşması fonunda qiymətləndirilməlidir. Təhlükəsizlik əməkdaşlığı mühüm komponent olaraq qalsa da, iqtisadi tərəfdaşlıq, infrastrukturun inkişafı və texnoloji əməkdaşlıq getdikcə ön plana çıxır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıq heç vaxt qarşıdurma məkanı olmayacaq. Azərbaycanın siyasi baxışı regionu münaqişələrdən inteqrasiya olunmuş əraziyə, infrastruktur, ticarət şəbəkələri, boru kəmərləri və rəqəmsal bağlantı ilə xarakterizə olunan bazara çevirməkdir.

Sevinc Rəsulova,
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə Təhsil İdarəs,İlk Partiya Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button