Analitika

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-2003-cü illərdə siyası fəaliyyəti

Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçilik ideyalarının sürətlə inkişaf etməsinin təməlini qoydu. Sonrakı illərdə, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində də Heydər Əliyev Azərbaycan dövlətçiliyinin taleyini xilas edə bildi. Bu dövrün əsas xüsusiyyəti həm də ondan ibarətdir ki, Heydər Əliyev siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Bu baxımdan həmin illərdə Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizə daha çox maraq və heyranlıq doğurmuşdu. O da məlumdur ki, siyasi sabitlik təmin edilmədən hüquqi və demokratik dövlət modelinin qurulması mümkün deyildir. Bunu nəzərə alaraq Heydər Əliyevin ölkədə siyasi sabitliyi təmin etməsini Azərbaycan dövlətçiliyinə qarşı çıxan anarxist qüvvələrin məhvi kimi dəyərləndirmək olar. Təsadüfi deyil ki, Heydər Əliyev anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra hüquqi, iqtisadi və demokratik sahədə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verdi.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması olmuşdur. 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşmüşdür.

Azərbaycan Xalq Cumhuriyyəti 1918-1920-ci illərdə fəaliyyət göstərərək dövlətin Əsas Qanununu qəbul edə bilməmiş, SSRİ dağıldıqdan sonra müstəqilliyinin ilk dönəmində hakimiyyətdə təmsil olunan qüvvələr dövlətçiliyin əsasını təşkil edən bu sənədin hazırlanması və qəbul olunması istiqamətində heç bir əməli iş görməmişdir. Yalnız Heydər Əliyevin təşəbbüsü nəticəsində 1995-ci ilin may ayında müstəqil Azərbaycanın ilk Konstitusiyasını hazırlamaq üçün müvafiq komissiya təşkil edilmiş və dövlətçiliyin əsas atributlarından biri sayılan bu mühüm sənəd həmin ilin noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. İnsan hüquqlarına xüsusən önəm verilən, hakimiyyətin ayrı-ayrı qanadları arasında qarşılıqlı əlaqənin səlis mexanizmi təsvir olunmuş Konstitusiya haqlı olaraq dünya müstəvisində nəzəri baxımdan ən mükəmməl hüquqi sənədlərindən biri hesab olunmuşdur. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması dövlətçiliyin əsaslarını möhkəmlətməklə yanaşı, həm də “müstəqilliyin dövlətləşməsi” istiqamətində görüləcək işlərin yeni mərhələsinin başlanğıcını qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratmışdı. Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsası qoyulmuşdur.

Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə əsaslanmışdır. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət probleminin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər, bütün müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir. Bu istiqamətdə Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri müstəqil Azərbaycanın uğurlu neft strategiyasının hazırlanaraq həyata keçməsi olmuşdur. Azərbaycan neft strategiyasının əsas prinsipləri ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifah naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu baxımdan Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunması deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəldilmiş siyasi xəttin yürüdülməsinə, formalaşdırılmasına xidmət etmişdir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz mövqeyini möhkəmləndirə bilmiş və zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Azərbaycanın bu subyektlər arasında mübarizənin xarakterini müəyyənləşdirməyə yönəldilmiş dövlət statusu qazanmasına nail olmuşdur. XX əsrin sonlarından başlayaraq beynəlxalq aləmdə gedən proseslərin əsas mahiyyəti güc mərkəzlərinin qlobal enerji resurslarının nəzarəti təmin etməsi üzərində qurulub və mübarizənin əsas nəticəsi də məhz bu nəzarətin hansı formada təmin olunmasından asılı olacaqdır. Heydər Əliyev bu mübarizədən Azərbaycanın dövlət müstəqiliyinin möhkəmlənməsi üçün bacarıqla istifadə etmişdir.

On illik bir dövrü (1993-2003) əhatə etmiş islahatların gedişində Azərbaycan Respublikasının dövlət administrasiyası Prezident Heydər Əliyevin ölkədəki böhranlı menecment şəraitində qarşıya qoyduğu vəzifələrin səmərəli şəkildə həyata keçirilməsi üçün nəzərdə tutulan rasional sistemə, yaxud irimiqyaslı mütəşəkkil struktura çevrilmişdir. Ötən onillikdə Azərbaycan cəmiyyəti dövlət mənafelərini, yəni xalq üçün, xalq naminə və xalqın dəstəyinə güvənməklə ölkədə hökm sürən asayişin həyati mənafelərini reallaşdıran siyasi idarəetmə məmurlarının ilk baxışda o qədər də diqqəti cəlb etməyən, lakin məhsuldar fəaliyyətinin şahidi olmuşdur. Heydər Əliyev öz siyasi aktivində həm tarixi, həm də elektoral əhəmiyyətli siyasi kapitalı millətin etimadı kimi əvəzsiz bir kapitala malik olan Prezident idarəetmə münasibətlərinin əsaslarını müəyyənləşdirir.

Azərbaycan dövlətçiliyini möhkəmləndirən və inkişaf etdirən Ulu Öndər Heydər Əliyev onun müstəqilliyinin əbədiliyinə inanaraq dönə-dönə deyirdi: ”Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə gəlisin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir.”

Həsənova Almara,
Xəzər rayonu, 323 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button