Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərin Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
1969-cu il iyulun 14-də keçirilən Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Heydər Əliyev qısa müddət ərzində respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi mənfi hallar olduğunu, onların aradan qaldırılmasının vacibliyini sovet hakimiyyəti tarixində ilk dəfə cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı. Tezliklə SSRİ rəhbərliyində böyük nüfuz qazanan Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi və Azərbaycanın inkişafı naminə bu vəzifənin verdiyi imkanlardan məharətlə istifadə etdi. O, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə dəvət olundu. Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi.
Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kənd və rayonların acınacaqlı sosial-iqtisadi vəziyyəti ilə tanış olan Heydər Əliyev, xüsusilə Şuşa şəhərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirdi. 1970-ci illərdə mərkəz ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Buna qarşı çıxan H.Əliyev 1977-ci ildən rayonun potensial imkanlarını genişləndirmək tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə nail oldu. İqtisadiyyat xeyli dirçəldi. Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında çox böyük xidməti 1978-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyası qəbul edildiyi zaman bu sənədə Azərbaycan dilinin dövlət dili olması
Milli-mənəvi sərvətlərin tədqiqi və təbliği, tarixi araşdırmaların geniş vüsət alması Heydər Əliyev dövrünün həyata keçirilən tədbirlərindən idi. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul edildi. 1980–1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük məqbərə ucaldıldı. Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri açıldı. Natəvanın heykəli qoyuldu. Şəhərdə böyük mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati binalar tikildi. Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi.
Heydər Əliyevin siyasi dövlətçilik fəaliyyəti sayəsində 1970-ci illərdə Sovet İttifaqında əsas orta iqtisadi göstəricilərin artım sürətinin aşağı düşdüyü bir vaxtda Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan yüksəlirdi. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşdırılmışdı. Respublika elektrotexnika sənayesinin flaqmanı Sovet İttifaqının ən böyük zavodlarından biri Bakı Məişət Kondisionerləri zavodu idi. Bu zavod 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdi. Aparılan islahatlar nəticəsində Azərbaycan SSRİ-nin ən iri elektrotexnika sənayesi mərkəzlərindən biri oldu.
Mərkəzi hökumət xalqların milli dirçəlişindən bərk narahat idi. Buna görə də hər vəchlə yerlərdə milli və dini zəmində qırğınların törədilməsinə şərait yaradır, cinayətkar ünsürlərin əməllərinə qəsdən göz yumur, əhalinin diqqətini yayındırmağa çalışırdı. Ölkə ərazisində milli münaqişə ocaqlarını yaratmaq da bu siyasətin bir hissəsi idi. Belə bir münaqişə ocaqlarından biri də ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ilə başlamış milli qırğın siyasəti idi. Qarabağda başlanan separatçılıq hərəkatı SSRİ-nin dağılmasında böyük rol oynadı. Qarabağda gedən proseslərdən istifadə edən sovet rəhbərliyi yanvar ayının 19-dan 20-nə keçən gecə xəbərdarlıq edilmədən Bakıda fövqəladə vəziyyət elan etdi və dərhal da qoşunlara hücum əmri verildi. 20 Yanvar faciəsi adı ilə tarixə düşən hadisə nəticəsində bir gecədə Bakıda və ətraf rayonlarda aralarında azyaşlıların, qocaların və qadınların da olduğu 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu.
Faciənin ertəsi gün Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev təzyiqlərə məhəl qoymadan Azərbaycanın daimi nümayəndəliyinə gəlib qəti şəkildə sovet hökumətinin bu addımını pislədi və bunun fəsadları haqqında rəhbərliyə xəbərdarlıq etdi. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti 1990-cı il noyabrın 17-də keçirilən iclasında Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadəsini götürdü. Ali Sovet isə Naxçıvan Ali Məclisi adlandı. İlk dəfə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. AXC-nin üçrəngli bayrağı Naxçıvan MR-in rəsmi bayrağı kimi qəbul edildi.
Azərbaycanın tanınmış ziyalılarından 91 nəfər 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində “Heydər bəyi biz çağırmalıyıq!” adlı müraciətlə çıxış etdi. Heydər Əliyevə ünvanlanmış bu tarixi sənəddə ölkəni yaranmış ağır durumdan çıxarmaq üçün xalqın məhz onun başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı. 1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycan Respublikasının bütün bölgələrini təmsil edən nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar, həmçinin onun proqramı və nizamnaməsi qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, xalqın həyatında mühüm rol oynayan və öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı.
1993-cü il İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin sədri seçildi. Həmin gün ölkənin tarixinə Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ildən etibarən 15 iyun Azərbaycan Respublikasında Milli Qurtuluş Günü kimi bayram edilir. 1993-cü ilin 15 iyunu Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcı oldu.
1993-cü ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın ona olan yüksək etimadını bir daha nümayiş etdirdi.
Neft sənayesi iqtisadiyyatın qabaqcıl sahəsi kimi mühüm rol oynayırdı. O, iqtisadiyyatın digər sahələrini inkişaf etdirməkdə, xarici investisiyaları ölkə iqtisadiyyatına cəlb etməkdə və daxili investisiya imkanlarını genişləndirməkdə mühüm rol oynaya bilərdi. Neft amilinin ölkənin iqtisadi inkişafında və müstəqilliyin təmin edilməsindəki rolunu nəzərə alan Heydər Əliyev özünün neft strategiyasını müəyyənləşdirdi. Azərbaycanın yeni neft strategiyasının əsası 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” nin imzalanması ilə qoyuldu. Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən üç zəngin neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tuturdu. “Əsrin müqaviləsi” ndə 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti iştirak edirdi. 1999-cu ildə Gürcüstan istiqamətində Bakı–Supsa “Qərb neft kəməri” istifadəyə verildi. 1999-cu il noyabrın 18-də İstanbulda xam neftin Bakı–Tbilisi–Ceyhan əsas boru ixrac neft kəməri vasitəsilə nəql edilməsi ilə bağlı saziş imzalandı.
1994-cü ildə qəbul edilmiş “Əhalinin sosial müdafiəsi haqqında” Qanun əhalinin sosial müdafiəsini gücləndirməkdə böyük rol oynadı. Həmin ildə Əhalinin Sosial Müdafiəsi Fondu təsis olundu.
Aztəminatlı əhalinin rifahının yaxşılaşdırılmasında keçirilən əməkhaqqı islahatları və sosial müdafiə tədbirləri xüsusilə böyük rol oynadı. Əhalinin pensiya təminatı sahəsində əhəmiyyətli addımlar atıldı.
Erməni qəsbkarları tərəfindən həyata keçirilən işğal nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş vətəndaşların qayğıları daim dövlətin diqqət mərkəzində olmuşdur. 1998-ci ildə onların problemlərini sistemli şəkildə həll etmək və sosial müdafiələrini gücləndirmək üçün xüsusi Dövlət Proqramı qəbul olundu. Füzuli, Bərdə, Ağdam, Tərtər və s. rayonlarda 1998-2001-ci illərdə bu proqrama uyğun olaraq yaşayış məntəqələri salındı. Eyni zamanda qaçqın və köçkünlərin sosial müdafiəsi ilə bağlı çoxlu iş görüldü.
1995-ci ilin iyununda Prezident Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq üçün Konstitusiya Komissiyası yaradıldı. 1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olundu.
Prezident 1998-ci ildə insan, vətəndaş hüquq və azadlıqlarının, söz, fikir, mətbuat azadlığının təmin edilməsi, senzuranın ləğv olunması haqqında fərmanlar verdi. Ölkədə məhkəmə islahatı keçirildi. Ölüm cəzası Şərqdə ilk dəfə olaraq Azərbaycanda 1998-ci ildə ləğv edildi. Ölkədə aparılan siyasi, hüquqi islahatlar demokratik inkişaf proseslərini də sürətləndirdi.
1994-cü ildə Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına da qəbul edildi. Azərbaycanın NATO ilə sıx əməkdaşlığı sonralar da uğurla davam etdirildi. Ölkəni təmsil edən hərbi hissə sülhməramlı qüvvələrin Kosovoda və Əfqanıstandakı əməliyyatlarında iştirak etdi. NATO Parlament Assambleyası 2002-ci ildə İstanbuldakı iclasında Azərbaycan Respublikasını NATO PA-nın assosiasiyalaşdırılmış üzvlüyünə qəbul etdi. Heydər Əliyev Azərbaycanın bu təşkilatda iştirakının əhəmiyyətini yüksək qiymətləndirirdi. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv seçildi.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev vəfat etdi. Azərbaycan xalqı ulu öndərin əziz xatirəsini uca tutur. Müstəqil Azərbaycan onun əsəridir.
Mətanət Əhmədzadə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi



