Analitika

Azərbaycan xalqının kədər və şərəf günü

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Silahlı Qüvvələri heç bir xəbərdarlıq etmədən paytaxt Bakıya basqın edərək dinc əhaliyə qarşı qətliam törətmişdir. Sovet imperiyasının bu vəhşi işğalının mühüm məqsədi Azərbaycan xalqının milli istiqlal ruhunu boğmaq və Ermənistan parlamentinin həmin il yanvarın 9-da Dağlıq Qarabağın tərkibinə daxil edilməsi haqqında qərarına qarşı Bakıda baş verən kütləvi üsyanları yatırtmaq idi. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı idi. 20 Yanvar faciəsi sovet rejiminin erməniliyə meylinin, erməniliyə görə antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu qırğın Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq üçün törədilmişdi. Sovet imperiyası Azərbaycan xalqının iradəsini qıra bilmədi.

Bəli, düz 33 il əvvəl baş vermiş bu qanlı faciə yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Bu birlik keçmiş sovet imperiyasına qarşı inamsızlığın və nifrətin əlaməti idi. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirdi. Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğ”un gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad olunması ilə başa çatdı.

33 ildir ki, hər il 20 Yanvarda yüz minlərlə insanın müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanını ziyarət edir, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiram və rəhmətlə yad edirlər.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button