Azərbaycan xalqı və dövləti 20 yanvar şəhidlərinin xatirəsini daim uca tutur
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. 20 Yanvar şəhidləri məhz Vətənini dərin məhəbbətlə sevən əsl vicdanlı insanlar idilər. Buna görə də öz canlarını Vətən, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər. Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının şəhər, rayon və qəsəbələrində 20 Yanvarla bağlı abidələr, xatirə lövhələri, küçə və meydanlar var. Prezidentin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmana əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Kərimov Qara,
YAP-ın fəalı