Yaxın tariximizə nəzər salsaq, Dağlıq Qarabağın Azərbaycandan Qoparılması prosesinin XX əsrin 20-ci illərindən başlandığını tam aydınlığı ilə görərik. Amma Dağlıq Qarabağ probleminin daha əski tarixi kökləri vardır. Bu problemin əzəli Rusiya imperiyası tərəfindən Azərbaycanın işğalı ilə (XIX əsrin əvvəllərindən etibarən) bağlıdır. Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı “Artsax” kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır. Sözün ilkin forması “Ərsak” olmuşdur ki, bu ad da o ərazidə yaşayan sak tayfalarının igidləri, ərlərinin şərəfinə verilib. Ermənilər sadəcə sözü özlərinə uyğunlaşdırıb saxtalaşdırmışlar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə – Azərbaycana xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu. Beləliklə, 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasından gələn XI Qırmızı Ordunun süngüləri ilə devrildi, şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı. RKP (b) Qafqaz Bürosu Plenumunun DQMV-nin yaradılması haqqında 1921-ci il 5 iyul tarixli qərarı yalnız 2 ildən sonra həyata keçirilmişdi.
1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Dağlıq Qarabağın Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Fərmanın preambulasından belə çıxır ki, 1905-1906, 1918-1920-ci illərdə Qarabağda və Cənubi Qafqazın digər yerlərində baş vermiş qanlı hadisələr Dağlıq Qarabağ ermənilərinə muxtariyyət verilməsinin zəruriliyini əsaslandırmaq üçün əsas arqument olmuşdur. Lakin məlumdur ki, bu hadisələr zamanı ermənilərdən çox azərbaycanlılar əziyyət çəkib və bu məntiqlə yanaşsaq, Ermənistan SSR-in azərbaycanlı əhalisinə də muxtariyyət verilməli idi. Sənəddən o da aydın olur ki, ermənilər bütün Dağlıq Qarabağda deyil, onun yalnız müəyyən hissəsində yaşayırdılar, ona görə də 1923-cü il fərmanına əsasən, 5 iyul 1921- ci il tarixli qərardan fərqli olaraq, muxtariyyət Dağlıq Qarabağın bütün ərazisində deyil, yalnız onun erməni əhalisinin yaşadığı hissələrində yaradılmalı idi. Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedişi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. Bu iki yolla həyata keçirilirdi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağılq Qarabağın idarəçiliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə möhkəmləndirilərək həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi.
1920-ci ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində (“Nərimanov Bəyannaməsi”), artıq, Zəngəzurun Ermənistana verilməsindən bəhs olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır. Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə əks olunmuşdur. O yazırdı: “N.Nərimanovun Zəngəzur qəzasını “Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən Bəyannaməsi” ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu “Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratlarını təyin etmək üçün tam hüquq verilməsi” haqqında Azərbaycan hökumətinin Bəyanatıdır. Bu gün həmin Bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə aid edilir.
Ermənilər 1828-ci ildə İrandan Azərbaycana köçürüldülər, Qarabağda ən yaxşı torpaqlarda yerləşdirildilər. Məskunlaşdıqları yerlərdən birini İranda yaşadıqları yer kimi “Marağa” adlandırdılar. Köçüb gəldiklərinin 150 illiyi münasibətilə bayram etdilər, abidə qoyub, dövrəsində “Marağa-150” yazdılar. “Qarabağ problemi” ərəfəsində isə bu abidəni ermənilər tez-tələsik sökərək izi itirməyə çalışdılar”. Qarabağ Azərbaycan mədəniyyətinin inkişafında mühüm rolu olan regionlardan biridir. Qarabağın zəngin mədəniyyətə malik Şuşa-Pənahabad şəhəri Azərbaycanda müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəri olub. İlk dünyəvi məktəb 1830-cu ildə Şuşada açılıb. Qarabağ dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə malik şəxslər vermiş regiondur. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçiblər. 1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib.
Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948- 1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMVdən olan deputatlarının seçkisi keçirilib. 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edildi, dekabrın 10-da isə “referendum” keçirildi. Aydın görünürdü ki, Ermənistan SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi olmadığını göstərmək və bununla da beynəlxalq rəyi çaşdırmaq üçün fəaliyyətini xüsusi plan üzrə reallaşdırmağa çalışır. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalıda soyqırımını törədib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib. “Xocalıya ədalət!” Kampaniyası 1993-cü ildə Ermənistanın şiddətlənən hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu dahi oğlu, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevdə gördü və ölkənin gələcək taleyini ona etibar etdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazilərin zəbt edilməsinin qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeydşərtsiz çıxarılması tələb olunub. Bölgədə gərginlik 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş “Dördgünlük müharibə” adlandırılan hərbi münaqişədən sonra daha da artdı. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tavuş mərzi və Tovuz rayonu ərazilərində baş verən döyüşlərdə 16 əsgər həlak olmuşdur. Döyüşlərdən bir neçə saat sonra Bakıda şəhidləri qarşılamaq üçün küçələrə çıxmış insanlar daha sonra toplaşıb, şəhərin mərkəzinə “Qarabağ bizimdir” şüarı ilə yürüş ediblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu Dəmir Yumruq əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tərtər rayonunun 3 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. 10 noyabr 2020– ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Abasov Həmid,
Xəzər rayonu, 181 saylı Tam Orta Məktəbin Tarix müəllimi