Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır
30 ilə yaxın bir müddət idi ki, Ermənistan tərəfindən torpağlarımız işğal altında idi. Bildiyimiz kimi, Azərbaycana qarşı təkcə son 30 il ərzində deyil, tarixin bütün dövrlərində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib.
Son 30 il ərzində torpaqlarımızı işğal etdikdən sonra Ermənistan sülhə gəlmək əvəzinə daim bizə qarşı təxribatlar edirdi. Erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verirdi. Təbii ki, dövlətimiz bu işğalla heç vaxt barışa bilməzdi. Və 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlamışdır. Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı: buna beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ərazisinin 20 faizini itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu yox idi!
44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərədək hərbi qulluqçusu şəhid olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdu. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Möhtərəm Prezident Cənab İlham Əliyev 27 sentyabr–Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Xəlilova Qumriyyə,
Xəzər rayonu, 149 nömrəli məktəbin müəllimi