Azərbaycan xalqı müharibənin nə olduğunu bilir
Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşdülər. Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri.
Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı və Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi.
90-cı illərin əvvəllərində ayaqyalın öz yurdlarını tərk etmək məcburiyyətində olan gənclərimiz tank belində doğma torpaqlarına geri qayıtdılar. İndi Azərbaycan bir çox enerji layihələrini özü həyata keçirir. Eyni zamanda Aİ Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün ölkəmizlə fəal əməkdaşlıq etdi. Bütün bunların nəticəsidir ki, enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyi halına gəldiyi qlobal şəraitdə Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur. Ən mühümü odur ki, Avropa Azərbaycan Prezidentinin uzaqgörənliyini və müdrikliyini görür və yüksək qiymətləndirir.
Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Hazırda Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm qlobal enerji və nəqliyyat layihələri bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, bu da beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
Əsədov Nazim,
Xəzər rayonu, 256 saylı tam orta məktəbin müəllimi