Azərbaycan xalqı hər zaman öz milli birliyini və həmrəyliyini qoruyub
Azərbaycançılıq bizim dövlətçilik ideologiyamızdır, dəyərdir, xalqımızın qanına, geninə hopmuş həyat tərzidir. Azərbaycançılıq – Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı 50 milyon soydaşlarımızın həmrəyliyidir, birliyidir. Azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir. Azərbaycançılıq Azərbaycanı qorumaq üçün ölkə daxilindəki dövlət və ictimai qurumların, siyasi partiyaların, yaşından, cinsindən, sosial mənşəyindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün vətəndaşlarımızın, xaricdəki diaspor təşkilatlarının, fəallarının birləşməyi, Vətənə dəstək olmaları, onun haqq səsini dünyaya çatdırmalarıdır. Hər il qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Azərbaycançılıq. Tarixən hər bir xalq azad olmağa, heç bir kəsdən asılı olmamağa çalışmışdır. Azadlığı əldə etmək isə elə də asan deyil. Azadlıq çoxlu itkilər, çoxlu qanlar hesabına qazanılır. Zaman-zaman Rusiyanın, Osmanlının, Qacarların tərkibinə daxil olmuşuq. Doğrudan da sevindirici haldır ki, xarici təsirlərin olmasına baxmayaraq Azərbaycan xalqı öz dinini, dilini, mənəviyyatını qoruyub saxlamışdır. XX əsrdə Şərqdə ilk müstəqil respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Çox əzab-əziyyətin çəkməmizə baxmayaraq 23 ay sonra bu Cümhuriyyət dağıdıldı. Lakin birliyimizi itirmədik. 1991-ci ildə yenidən əl-ələ verərək müstəqilliyimizi bərpa etdik və Azərbaycan Respublikasını qurduq. Müstəqilliyimizin qazanılmasında dərindən iştirak edən şəxslərdən biri də Heydər Əliyev idi. O hakimiyyətə gəldikdən sonra xalqın dirçəliçi, sənayenin sahələrinin inkişafı üçün əlindən gələni əsirgəmədi. H.Əliyev həmişə deyərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”. Mən də bu gün fəxr edirəm ki, müstəqil və qüdrətli, bütün dünyada tanınan, bütün dünyaya səs salan Azərbaycan Respublikasının müstəqil vətəndaşıyam. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqil Respublikamızla fəxr etməlidir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı