Analitika

Azərbaycan xalqı əmindir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq

“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalq müraciətində ölkəmizin sosial-iqtisadi göstəriciləri, beynəlxalq münasibətlər sistemində yeri və rolu, regionda baş verən proseslər, antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə fikirlərini ətraflı şəkildə ifadə etdi. Görülən işlər onu deməyə əsas verir ki, bu dövrdə qarşıda duran bütün vəzifələr icra olunub. Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilib və dünyanın aparıcı qurumları Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edirlər”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, cənab Prezident xalqa müraciətində bir sıra mühüm məsələlərə toxundu və ilk böyük müjdəni xalqımıza verdi. 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Dövlət başçımızın xalqa müraciətində verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir.

“Heç şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları əmindir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button