Analitika

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.

Bu gün Cümhuriyyətin yaranmasından 105 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.

Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan ilk gündən beynəlxalq aləmdə tanınmağı qarşıya məqsəd qoydu. Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini eyni zamanda icra edən Milli Şuranın bu istiqamətdə ilk mühüm addımlarından biri 1918-ci il iyunun 4-də qardaş Türkiyə ilə hərbi-siyasi müqavilənin imzalanması oldu. “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi” adlanan həmin sənəddə “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəasının yer alması o zaman gənc müstəqil dövlət üçün taleyüklü məsələ idi.

Azərbaycan Milli Şurasının 1918-ci il iyunun 13-də Tiflisdə keçirilən sonuncu 6-cı iclasında isə erməni-daşnak hərbi birləşmələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər geniş müzakirə olunurdu. İrəvandan qayıtmış şura üzvü İbrahim Ağa Vəkilov müsəlmanların acınacaqlı vəziyyəti barədə məlumat verərək onlara 150 min rubl həcmində yardım göstərilməsini təklif edirdi. O, həmçinin quberniyada müsəlman qaçqınların sayının 150 min nəfərə çatdığını, 206 kəndin dağıdıldığını, sakinlərinin olmazın işgəncələrə məruz qaldığını bildirdi. Bütün bunları nəzərə alan Milli Şura isə türk ordusu komandanlığından İrəvan qaçqınlarının ərzaq təminatına və doğma kəndlərinə qayıtmalarına kömək göstərməyi xahiş etdi.

1918-ci il iyunun 16-da isə Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncə şəhərinə köçdü. Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncədə yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanat göndərildi. Lakin orada müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökumətin işini pozmağa cəhd göstərirdilər. İyunun17-də Milli Şuranın buraxılması və bütün qanunverici hakimiyyətin hökumətin səlahiyyətinə keçməsi haqqında qərar qəbul edildi. Qərarda bildirilirdi ki, hökumət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərti ilə qalan məsələlərin həllində tam ixtiyar sahibi olmalıdır. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisinə seçkilər keçirib hakimiyyəti ona təhvil verməlidir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button