Analitika

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ kimi

XX əsrin ikinci onilliyində baş vermiş böyük tarixi əhəmiyyət kəsb edən hadisələrdən biri, Çarizmin süqutu nəticəsində Azərbaycan xalqının müstəqillik qazanaraq müsəlman şərqində ilk demokratik, parlamentli respublika qurması olmuşdur. 1917-ci ilin fevralında Rusiyada çar II Nikolay devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumətin ömrü uzun olmadı. 1917-ci ilin oktyabrındakı Rusiyada baş vermiş köklü dəyişikliklər nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar. Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputatdan ibarət Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi. Lakin, Cənubi Qafqaz Seymi tərəfindən 1918-ci il aprelin 22-də elan olunmuş Cənubi Qafqaz Demokratik Federativ Respublikasında dərin siyasi böhran yarandı və daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində dağıldı. Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu iclasda Milli Şuranın rəyasət heyəti seçilir. Rəyasət heyətinə “Müsavat” partiyası və partiyasızların demokratik qrupu tərəfindən M. Hacınski, N. Yusifbəyov, X. Xasməmmədov, M. Y. Cəfərov, müsəlman sosialist partiyalarından X. .Məlik Aslanov, C. Hacınski, sosial-demokrat (menşevik) “Hümmət” qrupundan Ə. Şeyxülislamov, Rusiya müsəlmanlarının “İttihad” partiyasından isə doktor X. Sultanov daxil olur. Gizli səsvermə yolu ilə M. Ə. Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi. May ayının 28-də keçmiş Qafqaz canişinin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirildi. Həmin iclasda Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsi bütün müsəlman şərqində ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

  1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
  2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
  3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
  4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
  5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
  6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. 1918-ci il mayın 30-da Müvəqqəti Hökumətin sədri Fətəli xan Xoyski Osmanlı imperiyası, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Hökumət tərəfindən 1918-ci il iyunun 24-də əvvəlcə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 1918-ci il noyabrın 9-da həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəzləndi.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. 1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi. Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi. 1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Özünün 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxın təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”ında göstərildiyi kimi, “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi.”

Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları təxribatlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaratdı. X. Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi.

Cümhuriyyət Hökumətin iqtisadi siyasəti dövlətimizin inkişafına və xalqın rifahını yüksəltməyə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti Azərbaycan xalqınının dövlətçilik tarixində dərin iz qoymuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”

İslam Ağayev,
Xəzər rayonu, 117 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button